“Romir” sosial araşdırmalar şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, hər 10 rusiyalıdan dördü pula qənaəti ərzaq hesabına edir.
Digər tərəfdən, ötən il ərzində heç nədə qənaət etməyən rusiyalıların sayı da artıb. Keçən ilin martında belələrinin payı 11 faiz olubsa, bu ilin iyun ayında həmin göstərici 18 faiz təşkil edib.
Ümumilikdə götürəndə, qənaətə keçən rusiyalıların sayı bu il azalıb: keçən il xərclərinə qənaət edənlər 89 faiz olubsa, bu il həmin göstərici 82 faiz təşkil edib.
Lakin qənaət edənlər daha çox mal növünə xərcləri azaltmalı olub.
“Rusiyalılar üçün çətin iqtisadi durum dövrü davam etməkdədir, vəziyyət daha da pisləşə bilər”, – ekspertlərin gəldiyi nəticədə qeyd olunur.
İl ərzində səyahət, əyləncə, idman və tibbi xidmətə xərclərini azaldan rusiyalıların sayı xeyli artıb. Ötən il respondentlər arasında tibbi xidmətə xərci ixtisar edənlər 6% təşkil edirdisə, bu il həmin göstərici 16% olub.
Rusiyalılar eləcədə smartfon, mobil rabitə və nəqliyyat xərclərini də azaldıblar.
Ötən il mobil rabitə və nəqliyyat xərclərinə qənaət edənlər 3% olub, bu il, müvafiq olaraq, bu göstəricilər 12% və 11% təşkil edib.
Bundan başqa, rusiyalılar fəal sürətdə məişət xidmətləri xərclərində də qənaət etməyə başlayıblar – kimyəvi təmizləmədən və ayaqqabı təmirindən tutmuş digər xidmətlərədək. Ötən il belə xərclərə qənaət edənlər cəmi 4% olub, bu il isə bu növ qənaətə artıq respondentlərin 13%-i keçib.
Xüsusilə, gənclərə böhranın ağırlıq yükü daha çox təsir edib: ərzaq məhsullarına, dərman və geyimə məcburi qənaət barədə daha çox 35 yaşınadək gənclər söz açıb.
Lakin, Rusiyada bir çox siyasətçi və məmurlar müntəzəm olaraq böhranın artıq bitdiyini və həyat səviyyəsinin yaxşılaşdığını bildirirlər.
Misal üçün, Rusiya iqtisadiyyatında böhranın artıq bitdiyini iyunun ortalarında Rusiya televiziyasının təşkil etdiyi “Birbaşa xətt” proqramının canlı yayımında prezident Vladimir Putin bəyan etmişdi.
Eyni zamanda Putin qeyd etmişdi ki, yoxsulluq şəraitində yaşayan insanların sayı artıb, əhalinin real gəlirləri isə son illərdə kəskin azalıb.
Rusiyanın rəsmi statistika qurumunun məlumatına əsasən, əhalinin real pul gəlirləri aprel ayında 7,6%, may ayında isə 0,4% azalıb. Cari ilin yanvar ayından başlayaraq may ayınadək gəlirlər 1,8% azalıb.
Mütəxəssislərə görə, böhrandan sonra iqtisadiyyatın bərpası üçün uzun illər tələb oluna bilər.
Oxunub: 264