Çərşənbə günü Gürcüstanın Ombudsmanı Uça Nanuaşvili keçirdiyi mətbuat konfransında Baş Prokurora müraciət edərək Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işinin onun oğurlanmasında iştirak etməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) özü tərəfindən araşdırılmasından şikayət edib.
Çıxşında cənab Nanuaşvili “müstəqil və qərəzsiz” araşdırmanın lazım olduğunu vurğulayaraq Baş Prokurordan istintaqın DİN-dən prokrulorluğa keçirilməsini xahiş edib.
Ombudsman həmçinin qeyd edib ki, istintaq üzrə Əfqan Muxtarlının zərər çəkmiş şəxs qismində tanınmadığına görə onun vəkili təhqiqatla bağlı sənədləri əldə etmək hüququna malik deyil. Bu səbəbdən, o, Əfqan Muxtarlıya zərərçəkmiş statusunun verilməsini xahiş edib.
Ayrıca dərc edilən bəyanatda, Ombudsman bu məsələdə “mediaya bir çox şərh” verildiyini, lakin buna baxmayaraq Baş Prokurorluğun son ay ərzində heç bir tədbir görmədiyini deyib.
“Vəziyyətin dəyişmədiyinə görə, o (Ombudsman), Baş Prokurora birbaşa yazılı şəkildə müraciət etməyə qərar verib.”
Ombudsman həmçinin işin qedişatını yaxından izlədiyini və o cümlədən Əfqan Muxtarlının yoxa çıxdığı yerdən müşahidə kameralarının çəkdiyi kadrlarının redaktə edilməsinə dair mediada yayımlanan iddialarla tanış olduğunu bildirib.
Baş prokurorluqdan bu iddiaların araşdırılmasını xahiş edən cənab Nanuaşvili həm də Əfqan Muxtarlının işilə bağlı istintaq materiallarının ona çatdırılmasını xahiş edib.
İndiyədək nə baş verib?
Əfqan Muxtarlının işilə bağlı iki fərqli versiya var.
Azərbaycan bu işlə bağlı ilk bəyanatında Əfqan Muxtarlının 29 mayda, saat 22:40-da üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan Azərbaycan sərhədini qanunsuz keçdiyini bildirir.
Hakimiyyət həmçinin onun dövlət sərhəd xidmətinin (DSX) əməkdaşına qarşı zor tətbiq etdiyini deyir.
Birgə bəyanatla çıxış edən DSX və Baş prokurorluq onun üzərində 10 min avro nağd pulun tapıldığını iddia edir.
Lakin Əfqan Muxtarlının versiyası fərqlənir.
O, bildirir ki, 29 mayda, təxminən saat 19:30-da bir maşının onun yolunu kəsib. Həmin maşından çıxan 4 nəfərdən 3-ü Gürcüstan polisi formasında və biri mülki geyimli şəxs olub.
O, gürcü dilində danışan bu şəsxlər tərəfindən saxlanılarkən döyüldüyünü və əlləri qandallanaraq zorla maşına mindirildiyini deyir.
Əfqan Muxtarlı öncədən başına keçirildiyi torbanın daha sonra skoçla bağlanılan köynəklə əvəzləndiyini bildirib.
Yol boyunca maşınların dəyişdirildiyini deyən jurnalist sayca üçüncü avtomobildə onunla oturan şəxslərin Azərbaycan dilində üstü örtülü danışdığına fikir verib: “Mollanı gətiririk, generala deyin yasa gəlsin”, onu müşayiət edən şəxslərdən biri kiməsə telefon edərək deyib.
Üçüncü maşınla bir binaya gətirilən jurnalistin başından köynək çıxaralandan sonra o dövlət sərhəd xidmətinə məxsus məntəqədə olduğunu görüb. Əfqan Muxtarlı iddia edir ki, sərhədçilər üzərində axtarış apararkən onun cibinə 10 min avro pul qoyublar.
Bakıya aparıldıqdan sonra, 30 mayda, o, vəkili ilə görüşə bilib. Əfqanın pasportu üzərində olmayıb.
Mayın 31-də Səbail Rayon Məhkəməsi sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və zor tətbiq edmə maddələri üzrə onun barəsində 3 aylıq həbs qətimkan tədbirini seçib.
6 iyunda Bakı Apellyasiya Məhkəməsi onun hökmə qarşı şikayətini təmin etməyib.
Gürcüstan hakimiyyəti iddiaları araşdırdığını bildirir. Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycanın rəsmi versiyasını təkrarlayaraq, yalnız bu məlumatın onlara verildiyini qeyd edib.
Gürcüstan prezidenti iddialarla bağlı narahatlığını vurğulayıb və baş nazir Giorgi Kvirikaşvili hadisədə Gürcüstan hakimiyyətinin əli olduğu deyənləri qınayıb.
Cümə günü Azadlıq Radiosuna verdiyi müsahibədə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov bildirib ki, “Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir… Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb”.
Lakin Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti birgə fəaliyyətin nəticəsi barədə bəyanatın həqiqətə uyğun olmadığını deyib.
Rəsmi bəyanata deyilir ki, Dövlət Təhlükəsizlik Xidməti Əfqan Muxtarlının işilə bağlı hər hansı əlaqəsinin olduğu barədə məlumatı “qəti şəkildə” rədd edir.
Oxunub: 212