Əli Kərimli: “öz xalqınızla savaşı dayandırın”
“İlham Əliyev, bəsdir bu xalqı aldatdın…”, – Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun sözləridir. O, bu fikirləri iyulun 7-də öz məhkəməsində səsləndirib.
Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Nardaran hadisələrinə görə həbs olunan daha 16 nəfərin hökmündən verilən şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Bu iş üzrə apellyasiya məhkəməsinin ötən iclasında Taleh Bağırov və daha bir neçə təqsirləndirilən şəxsin vəkili Yalçın İmanov 284 səhifəli qeydlər təqdim etmişdi. Qeydlər bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasların protokollarına etirazlardan ibarət idi. Vəkil bildirirdi ki, məhkəmə iclas protokollarında çoxlu saxtakarlıqlar var, ifadələr təhrif olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işinə baxmış hakim Əlövsət Abbasov vəkilin qeydlərilə razılaşmayıb və bu haqda müvafiq qərar qəbul edib. Bu haqda iyulun 7-də vəkillərə Bakı Apellyasiya Məhkəməsində bu işə baxan hakim Əmir Bayramov məlumat verib.
Məhkəmə prosesini izləyən AXCP sədri Əli Kərimli jurnalistlərə açıqlama verib
Məhkəmədə adamları dəmir qəfəsdə saxlamaq ləyaqəti alçaldan rəftardır
Ardınca vəkillər bir sıra vəsatətlər qaldırıblar. Yalçın İmanov təqsirləndirilən şəxslərin dəmir qəfəsdən çıxarılaraq, müdafiəçilərinin yanında əyləşməsi haqda vəsatət qaldırıb. Bildirib ki, təqsirləndirilən şəxslərin dəmir qəfəsdə saxlanması məhkəmədə tərəflərin bərabərliyi prinsipini pozmaqla yanaşı, həm də Avropa Konvensiyasının 3 (işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftarın yolverilməzliyi) və 6-cı (ədalətli mühakimə hüququ) maddələrinə ziddir.
Digər vəkil Cavad Cavadov isə məhkəmə iclaslarının audio və video yazısına icazə verilməsi haqda vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, əgər video və audio yazıya imkan verilsəydi, birinci instansiya məhkəməsinin iclas protokollarındakı təhriflər də ortaya çıxmazdı.
Taleh Bağırov Azərbaycan xalqına başsağlığı verdi
Vəkillərin vəsatətlərinə münasibət bildirən Taleh Bağırov çıxışına Füzuli rayonunun Alıxanlı kəndində 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsinə görə Azərbaycan xalqına başsağlığı verməklə başlayıb. O, məhkəmədən Prezident İlham Əliyevə müraciət edib: “İlham Əliyev, bəsdir bu xalqı aldatdın…!”
Bakı Ağır Cinayətlər Məhkəməsində bizim işimiz üzrə protokolu yazan Çingiz adlı şəxs bizim məhkəmədən dərhal sonra dünyasını dəyişdi. Görünür, hakim bizim protokolları da dəfn edib”.
Yalçın İmanov həmçinin təqsirləndirilən şəxslərin qərar elan olunana qədər ev dustaqlığına buraxılması, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatətlər qaldırıb: “Birinci instansiya məhkəməsində biz rəy vermiş ekspertlərin, hal şahidlərininvə digər şəxslərin əlavə şahid qismində dindirilməsi haqda vəsatətlər qaldırdıq. Heç biri təmin olunmadı. Beş məhkəmə iclası təqsirləndirilən şəxslərin iştirakı olmadan keçirildi. Birinci instansiya məhkəməsi faktiki bu işi araşdırmaqdan imtina etdi, heç olmasa, siz araşdırın”.
“Niyə xalqı aldadıb ki, Taleh Bağırzadə terrorçudur?”
Taleh Bağırov da məhkəmə ədalətsizliyindən gileylənib və Prezident İlham Əliyevin məhkəmədə şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb. Bildirib ki, onu 21 maddə üzrə təqsirli biliblər, o maddələrin də bir neçəsində ömürlük həbs nəzərdə tutulub. Amma ona ömürlük yox, 20 il həbs veriblər: “Çünki özləri də yaxşı bilirlər ki, ittihamlar əsassızdır. O iki polisin də, dörd şəhid qardaşımızın da ölümünün bizə heç bir aidiyyəti yoxdur. Özləri eləyib. Əgər o adamların ölümü ilə nəticələnən hadisənin təşkilatçısı idimsə, niyə mənə ömürlük vermədilər? İlham Əliyev gəlib burada cavab versin. Niyə bu xalqı aldadıb ki, Taleh Bağırzadə terrorçudur?”
Ardınca hakimlər müşavirəyə gedib və bir neçə dəqiqə sonra geri qayıdaraq, vəsatətlərin heç birinin təmin olunmadığını elan edib. Məhkəmə baxışı iyulun 13-nə təyin olunub.
(azadliq.org)
Oxunub: 1264