Avropa Məhkəməsində proses başlayıb
“33 bosniyalı Azərbaycana qarşı işi üzrə Avropa Məhkəməsinin qərarı yəqin ki, çox maraqlı qərarlardan olacaq. Məhkəmə onların şikayətinə baxmağa başlayıb”- bunu facebook profilində hüquqçu, media hüququ üzrə mütəxəssis Xalid Ağəliyev yazır.
“İşin məzmunu haqda qısaca deyim ki, Azərbaycan dövlətindən şikayətçi olan 33 Bosniya və Herseqovina vətəndaşı Azərbaycanda aldadıldıqlarını iddia edirlər. Onlar şikayətlərində bildirirlər ki, Bakıdakı məşhur “Buta Saray”, “Bakı Ekspo Mərkəzi”, “28 Mall” alış-veriş mərkəzi də daxil olmaqla məşhur binaların inşa edilməsində çalışıblar. Şikayətdə Gənclik və İdman Nazirliyinin də adı keçir. Şikayətçi əcnəbilərin bəzilərinin həmin nazirliyə aid olduğu bildirilən Mingəçevir – Kür Olimpiya Mərkəzinin inşasında çalışdığı da qeyd edilir.
Bosniyalılar deyir ki, onları işə götürərkən, hər saata 5-7 dollar ödəniləcəyi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdiriləcəkləri vəd olunub. Ancaq onlara cəmi 3-4 dollar ödənilib. Yaşayış durumlarının isə daha dözülməz olduğu bildirilib. Pasportları əllərindən alınıb, acınacaqlı şəraitdə saxlanıblar. Hamam, tualeti olmayan yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklara yerləşdiriliblər.
Onlar yerli və beynəlxalq hüquq müdafiə qurumları vasitəsilə üzləşdikləri rəftarı ictimailəşdirə biliblər. Yalnız hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edilib, pasportları qaytarılıb.
Onların hər biri şikayətlərinə Azərbaycan məhkəmələrində baxılarkən 15 min dollardan artıq təzminat istəyiblər. Avropa Məhkəməsində bu tələb yəqin ki, azı ikiqatına qalxıb.
Azərbaycanla bağlı ilk milyonluq qərar çıxa bilər”.
azadliq.info
Redaksiyadan: Bosniyadan olan fəhlələrin problemləriylə bağlı mətbuatda 2009-cu ildə yazılar gedib. Əcnəbilərin tikintisində çalışdığı həmin obyektlərin birbaşa ailəyə bağlı olduğu da onda təsdiqini tapmışdı. Maraqlı proses olacaq.
https://www.azadliq.org/a/1858628.html
https://www.azadliq.org/a/1859556.html
Oxunub: 630