Bütün sahələrdə cinayət parıltısı var, amma heç bir sahədə cəzanın tüstüsü görünmür
Əminliklə demək olar ki, Azərbaycanda təmiz fəaliyyət göstərən struktur mövcud deyil. İstənilən dövlət qurumunda təmizləmə əməliyatı start götürsə, istənilən dövlət qurumunda zibillik aşkar olunacaq. Əslində, təəccüblü heç nə yoxdur. Korrupsiya atributa çevriləndə, büdcədən qidalanan qurumların çirklənməsi zərurətə çevrilir. Birqayda olaraq müxalifətçilər, ölkədəki korrupsiyanın miqyasından, vəzifə sahiblərinin çirkaba bulaşmasından danışanda, hökumət “bunlar vətən xaindir”, “inkişafı gözləri götürmür” arqumentiylə silahlanır. Amma ortada kifayət qədər rəsmi faktlar var və bu faktları üzə çıxaranlara ləkə yapışdırmaq mümkün deyil. Çünki, bu faktları Hesabalam Palatası üzə çıxarıb. Təkcə Hesablama Palatasının hesabatlarına baxmaq kifayətdir ki, bütün dövlət strukturlarında mənimsəmə və yeyintinin normaya çevrildiyi görünsün. Hər dəfə təsdiqlənir ki, ölkədə nümunə göstəriləcək qurum yoxdur. Nəzərə almaq laızmdır ki, bu hələ hökumətin ağuçunda olan, müstəqilliyi olmayan bir qurumun eturaf etdikləridir. Real vəziyyət daha acınacaqlıdır və bunu hər addımda görmək olur.
Hesablama Palatasının son araşdırmaları zamanı məlum olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsəi Nazirliyində vəzifədən sui-istifadə halları, pulların oğurlanması prosesi baş verib. Əmək haqqı xərclərinin hesablanması və ödənilməsi zamanı nöqsanlara və artıq xərclərə yol verilib.
Yaxud, Palatanın İctimai Televiziyanın fəaliyyətindəki nöqsanlarla bağlı faktları var. Müəyyən edilib ki, subsidiyanın hesablanması zamanı real tələbatlar və əvvəlki illərin icra rəqəmləri nəzərə alınmayıb, “İctimai Televiziya və Radio Yayımı haqqında” qanunun müvafiq maddələrində nəzərdə tutulmuş dövlət büdcəsindən ayırmalardan başqa digər mənbələr üzrə vəsaitin daxilolması işi zəif təşkil edilib, teleradio şirkəti üzrə reklamdan əldə olunan gəlirlər ümumi xərcin 2015-ci ildə 1,55%-i, 2016-cı ildə 0,3%-i qədər olub. Bir sıra hallarda əmək haqqı və məzuniyyət dövrü üzrə gəlir vergisi az hesablanıb, mülki-hüquq müqavilə əsasında işləyən işçiyə muzdlu işdən əldə edilən aylıq gəlirlərinə vergi güzəşti düzgün tətbiq edilməyərək gəlir vergisi az tutulub, həmçinin artıq ezamiyyə xərci ödənilib.
Səhiyyə, Təhsil müəssisələrində aparılan araşdırmaların nəticəsində də nöqsanlar, yeyintilər aşkar olunub. Əvvəllər də Hesablama Palatasının hesabatları haqqında geniş yazılar dərc etmişik. Kənd Təsərrüfatı idarələrindən tutmuş, vergi sisteminə qədər bütün sahələrdəki eybəcər vəziyyət rəqəmlərlə ortaya qoyulub.
Amma məsələnin maraqlı tərəfi budur ki, bu qədər nöqsanlar üzə çıxsa da, yeyintilər müəyyən edilsə də cəzalanan yoxdur. Hər yerdə cinayət parıltayır, amma heç yerdə cəzanın tüstüsü də görünmür.
Müxalifətçilərni fəaliyətində qəpik-quruş axtaranlar, milyonluq yeyintiləri göz ardına vurmaqla məşğuldular. Ötən gün AXCP sdərinin köməkçisi Faiq Əmirli heç bir fakt və sübut olmadan, “vergidən yayınma” ittihamıyla həbs olundu. Ona cinayət işi düəzltmək üçün 2, 3, 5 manatlıq yeyinti faktları axtarışına çıxmışdılar. Amma milyonları mənimsəyənlər məlum olsa da, prokurorluq və digər aidiyyatı qurumlar hərəkətə keçmir. Sanki, bu ölkədə qəpik mənimsəmək cinayət, milyardları mənimsəmək qəhrəmanlıq sayılır. Təkcə Hesabalam Palatasının hesabatlarına ciddi yanaşılsa, yüzlərlə vəzifəli şəxs həbs olunmalıdır. Amma bunu etmirlər, çünki, bu qədər həbs rejimin mahiyyətini bir daha ortaya qoymuş olar. Onsuz da cəmiyyətdə nüfuz sahibi olan məmur yoxdur, vəzifə tutanların hamısı haqqında “kompramat quyusu” mövcuddur.
Xülasə, Hesablama Palatası korrupsiya hesablama təşkilatına çevrilib. Nöqsanları aradan qaldırmaq, günahkarları cəzalandırmaq üçün deyil, sadəcə korrupsiyanın bir hissəsini hesablamaq üçün mövcuddur. Hər il hesabat yayılır, bir qrup adamın büdcəyə qarmaq atdığı aşkar olunur və məsələ bitir. Belə çıxır ki, hansı sahədə daha çox yeyinti aşkarlanıbsa, həmin sahənin rəhbərlərinə mükafat veriləcək. Və tez-tez belə mükafatların şahidi də oluruq. Dünən haqqında dəhşətli faktlar ortaya çıxan adamı, sabah yaxşı vəzifəyə göndərirlər.
Samir
Oxunub: 226