İranda ölümlə nəticələnmiş kütləvi alkoqol zəhərlənməsi İslam Respublikasında alkoqol problemini qabardıb. Görünür, 1979-cu il inqilabından bəri tətbiq edilmiş alkoqol qadağası iranlıları spirtli içki qəbulundan yayındırmayıb.
İran mediasının iyulun 23-də yaydığı xəbərə görə, ölkənin cənubundakı Kerman əyalətinin Sircan şəhərində 92 nəfər spirtli içkidən zəhərlənib. Onlardan dördü dünyasını dəyişib.
Zəhərlənmə halları ilə bağlı ayrıntılar, onların bir-biri ilə bağlı olub-olmaması aydın deyil. Ancaq Kerman əyalətinin ədliyyə rəsmisi Yadollah Movahed ISNA xəbər agentliyinə deyib ki, uyğun qurumlar spirtli içki satışında əli olanların üzə çıxarılaraq həbs edilməsi üzərində çalışır.
ŞALLAQ, CƏRİMƏ, HƏTTA ÖLÜM CƏZASI KƏSİLƏ BİLƏR
«48 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3-ünün vəziyyəti ağırdır, 30-u isə dializ prosedurundan keçir», – deyə o bildirib.
Ədliyyə məmuru əlavə edib ki, baş verənlərin «həssaslığı və cəmiyyətin psixoloji sakitliyinə vurduğu ziyan nəzərə alınaraq», işin araşdırılması sürətləndirilib.
İranda spirtli içki qəbulu qadağandır, buna görə şallaq və cərimə cəzası nəzərdə tutulur. Bu qanunu bir dəfədən artıq pozanlarsa hətta ölüm cəzasına məhkum oluna bilər.
Buna baxmayaraq, bəzi iranlılar hələ də içirlər. Onlar ya xaricdən qaçaqmalçılıq yolu ilə gətirilmiş, adətən çox baha qiymətə satılan spirtli içkiləri alırlar, ya da kişmişdən çəkilən «araq saqi» adlanan yerli ucuz mala üstünlük verirlər.
Bu qadağa ölkədə yaşayan xristianlara tətbiq olunmur. Onlar öz şəxsi istifadələri üçün spirtli içki ala bilərlər.
Son illər hökumətin spirtli içkilərdən istifadə və alkoqolizmlə bağlı rəsmi xəbərdarlıqları artıb.
ÖLÜM HALLARI ARTIB
Bundan başqa, mətbuatda evdə düzəldilmiş spirtli içkilərdən ölüm halları haqda məlumatlar da çoxalıb. Məsələn, 2013-cü ildə ölkənin cənubundakı Rəfsəncan şəhərində yeddi nəfər evdə hazırlanmış spirtli içkidən zəhərlənərək həyatını itirib, onlarla adamsa xəstəxanaya yerləşdirilib.
Ötən ilin sentyabrında dövlət sosial müdafiə qurumu sədrinin narkotiklərdən istifadənin qarşısının alınması üzrə müavini Mohsen Roshanpajooh bildirib ki, təmsil etdiyi qurum İranda spirtli içkilərdən istifadənin gözlənildiyindən daha çox olduğunu aşkarlayıb.
«İslamı və qanunu nəzərə alaraq, biz spirtli içkilərdən istifadənin səviyyəsinin daha aşağı olduğunu düşünürdük. Ancaq ölkədə alkoqoldan istifadənin səviyyəsi gözlədiyimizdən yüksəkdir», – deyə o bildirib.
Ancaq Roshanpajooh araşdırma ilə bağlı konkret rəqəmlər göstərməyib.
2014-cü ildə İran mediası paytaxt Tehranda ölkədə alkoqolizmdən əziyyət çəkən şəxslərin müalicəsi üçün ilk mərkəzin açıldığı haqda xəbər yaymışdı.
HƏR İL 420 MİLYON LİTR ALKOQOL İÇİLİR
İranın Səhiyyə Nazirliyinin narkotiklərdən istifadə şöbəsinin rəhbəri Alireza Norouzi bildirmişdi ki, nazirlik ölkədə xəstələrin alkoqoldan reabilitasiyasından ötrü toplam 150 mərkəz açmağı planlaşdırır. Ancaq AzadlıqRadiosunun fars xidməti bu planın gerçəkləşdirilməsi haqda dəqiq məlumat əldə edə bilməyib.
2013-cü ildə İran polisinin rəisi Esmail Ahmadi Moghadam təqribən 200 min iranlının alkoqolizmdən əziyyət çəkdiyini deyib. Xəbəri «Mehr» xəbər agentliyi yaymışdı.
Alkoqolizmdən əziyyət çəkənlərin real sayının bundan daha yüksək ola biləcəyini deyənlər də var.
2015-ci ildə İranın səhiyyə nazirinin müavini Ali Akbar Sayari bildirmişdi ki, İranda hər il 420 milyon litr alkoqol istehlak olunur.
Ötən il prokuror Abbas Ali Jafari 10 ay ərzində Tehranda 300 min şüşə xarici spirtli içkinin və 200 min litr yerli arağın müsadirə edildiyini bildirmişdi. (azadliq.org)
Oxunub: 206