3 il həbs cəzasına məhkum edilmiş ilahiyyatçı Sərdar Babayevin işindən apelyasiya şikayəti verilib. Bu barədə vəkil Cavad Cavadlı məlumat yayıb.
Vəkil bildirib ki, Hacı Sərdar Babayevin məhkum olunmasına dair Masallı rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli hökmündən müdafiə tərəfi apellyasiya şikayəti vermişdir. Şikayətdə Sərdar Babayevin əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi tələb edilmişdir. “Eyni zamanda bu həftə məhkəmə iclas protokolu ilə tanış olaraq qeydlər vermək niyyətindəyik. Bu gün Şeyx Sərdarla Bakı İstintaq Təcridxanasında görüşdüm. Ruhiyyəsi yaxşıdır, hamıya salamları vardır”, – deyə vəkil qeyd edib.
Qeyd edək ki, Sərdar Babayev barəsində Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 118