ABŞ prezidenti Donald Trump-ın 2016-cı ilin seçki kampaniyasının iki əsas üzvü iyulun 25-də Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsini və Trump-a yaxın adamların Rusiya ilə mümkün sövsdələşmələrini araşdıran Konqres təhqiqatçıları ilə görüşüblər.
Trump-ın kürəkəni və müşaviri Jared Kushner ikinci gündür ki, Konqresdə şəxsi görüşlər keçirir.
O iyulun 25-də ABŞ millət vəkilləri ilə danışıqlar apararkən, həm də bağlı qapılar arxasında Konqresin Kəşfiyyat Komitəsi ilə söhbətdə olub.
Elə həmin müddətdə Trump-ın seçki kampaniyasının rəhbəri olmuş Paul Manafort Senatın Kəşfiyyat Komitəsinin üzvləri ilə görüşüb.
Manafort-un sözçüsü Jason Maloni deyib ki, onun rəhbəri “suallara tamlığı ilə cavab verib”.
Bu təhqiqatla yaxından tanış olan mənbə Associated Press agentliyinə deyib ki, Manafort rusiyalı vəkillə 2016-cı ildə Trump Tower otelində görüş zamanı götürdüyü qeydləri təqdim edib.
2016-cı ilin iyununda rusiyalı vəkillə Trump-ın böyük oğlunun görüşündə Manafort və Kushner də iştirak etmişdilər və onların Konqres və Senat komitələrinin görüşünə çağırılmaları da bununla əlaqədar idi.
Kushner iyulun 24-də Senatın kəşfiyyat palatası qarşısında ifadə verib.
O Trump-ın seçki kampaniyası ərzində rusiyalılarla dörd dəfə görüşdüyünü, lakin bu görüşlər zamanı qanunsuzluğa yol vermədiyini deyib.
Azadlig.org
Oxunub: 172