Əməliyyatda yaralanıb hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq
Nardaranda ikisi polis olmaqla, altı nəfərin ölümü ilə nəticələnmiş qanlı əməliyyatın keçirildiyi evin sahibi Əbülfəz Bünyadovun haqqında cinayət işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Bu haqda “Azadlıq.info”ya vəkil Fariz Namazlı məlumat verib.
Əbülfəz Bünyadov özü də həmin əməliyyat nəticəsində yaralanıb və o vaxtdan bəri hərəkət qabiliyyətini itirib. O, 2015-ci il noyabrın 26-da evindəki əməliyyat zamanı Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və digərləri ilə birlikdə həbs olunsa da, onların haqqında cinayət işi məhkəməyə göndəriləndə Əbülfəz Bünyadovun işi ayrıldı. 2016-cı ilin dekabrında Bünyadovun haqqında həbs-qətimkan tədbiri dəyişdirildi. Penitensiar Xidmətin Müalicə Müəssisəsində yataq şəraitində saxlanılan Əbülfəz Bünyadov polis nəzarətinə vermə qətimkan tədbiri ilə evinə göndərildi.
Fariz Namazlı deyir ki, Əbülfəz Bünyadovla yanaşı, Nardaran hadisələrinə görə həbs olunan Elxan İsgəndərovun cinayət işi üzrə də ibtidai istintaq başa çatıb. Vəkil Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində hər iki şəxs barədə cinayət işinin materialları ilə tanış olub.
“Elxan İsgəndərova terrorçuluq, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd, polisə müqavimət və başqa maddələrlə ittiham verilib. O, 2015-ci il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbsinə etiraz olaraq, Sabunçu rayon Polis İdarəsinin qarşısındakı aksiya zamanı həbs olunub. Ona 15 sutka inzibati həbs cəzası verilib. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında qərar ləğv olunub, onun haqqında materiallar Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə göndərilib. Elxan İsgəndərov axtarışda olduğundan bu il martın 15-də həbs olunub”, – Fariz Namazlı bildirib.
Əbülfəz Bünyadov və Elxan İsgəndərov haqqında cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Azadliq.info
Oxunub: 128