Böyük Britaniyanın Guardian qəzeti Premyer Liqanın yaradılmasının 25 illiyi münasibətilə Liqanın indiyədək ən yaxşı oyunçusunu seçib.
Guardian-nın seçiminə görə, bir vaxtlar adı Manchester United-la çəkilən əfsanəvi fransız oyunçu Eric Cantona 1992-ci ildən bu yana Böyük Britaniyada forma geymiş ən yaxşı futbolçudur.
Cantona Manchester United-ə transfer edildikdən sonra haqqındakı bütün qərəzləri alt-üst etdi.
Menecer Alex Ferguson ilə birlikdə 26 il sonra liqa çempionluğunu qazanan Cantona Manchester United-in 90-cı illərin sonunda Premyer Liqada quracağı hakimiyyətin elçisi oldu.
Böyük Britaniya futbolunun birinci liqasının Premyer Liqa olaraq yenidən tanınması, Manchester United-in imperatorluq dövrünün şəfəqi ilə üst-üstə düşdü.
1992-ci ilə qədər 89 ildə 7 dəfə çempion olan “Qırmızı şeytanlar” bu tarixdən etibarən 25 mövsümün 13-də uğura imza atdı.
Leeds-in tərs gedən planı
1992-ci ilin noyabrında Cantona Leeds United-dən Old Trafford-a gəldiyində şübhəsiz ki, hamı təəccüblənmişdi. Bu transferə Alex Ferguson da inanmamışdı.
Cantona Manchester United-i seçərkən Leeds United-in meneceri Howard Wilkinson-un bu qərarı çox müzakirə edimişdi.
Leeds bu transferdən 1 milyon 200 min sterlinq qazanmışdı. Ancaq Wilkinson-un əsl məqsədi Cantona-nı Ferguson-un komandasına göndərib Manchester-də daxili qarışıqlıq yaratmaq idi.
Lakin bu həmlə baş tutmadı və Manchester United bu transferlə əhəmiyyətli güc qazandı.
Manchester United-in yeni qol “silahı ”
Eric Cantona Manchester United-ə transfer olunduğunda klub liqada 8-ci sıradaydı. Hücumçu DionDublin yay aylarında ayağını sındırmışdı və Manchester hücumçu transfer etmək üçün çalışırdı.
Lakin Sheffield David Hirst-ı satmağı düşünmürdü. Cantona-nın heyətə necə daxil ediləcəyi də naməlum idi.
Ən sonunda Ferguson fransız futbolçu üçün oğlunu fəda etdi və Darren Ferguson ilk 11-likdən çıxarıldı.
Bryan Robson da zədə aldığına görə, onun yerinə Brian McClair orta sahəyə keçdi.
Eric Cantona, Mark Hughes-lə birlikdə hücumda yerləşərək klubun qol “silahı” oldu.
Cantona-nın forma geydiyi ilk oyunda “Qırmızı şeytanlar” Norwich-i məğlub etdi və davam edən dörd oyunda Cantona qol vurmaq gücünü göstərdi. Fransız oyunçu qısa müddət ərzində göstərdiyi oyunla komanda yoldaşlarına ilham verdi.
“Qazanmaq və sizin üçün burdayam”
Cantona-nın Manchester United-dəki komanda yoldaşı Paul İnce onunla bağlı bunları söyləyib:
“Sanki bizim məsuliyyətimizi də öz üzərinə götürmüşdü. Güclü bir enerjisi vardı və sanki “Mən Eric, qazanmaq və sizin üçün burdayam” demişdi.”
Manchester United Cantona ilə Liqa çempionu oldu. Fransız oyunçu Böyük Britaniya Federasiyası Kubokunun finalında Chelsea-yə vurduğu iki qolla ilin oyunçusu seçildi.
“Uçan zərbə” və 8 ay cəza
Eric Cantona-nın sonrakı mövsümdəki oyunu isə tamamilə başqa səbəbdən sensasiya yaratmışdı.
1994-95-ci il mövsümündə Crystal Palace ilə Selhurst Park stadionunda oynanan oyunda rəqib komandanın tərəfdarlarından birinə “uçan zərbə” vuraraq 8 ay cəza aldı.
Həmin mövsümdə “Qırmızı şeytanlar” bir xalla çempionluğu Blackburn Rovers-ə verməli oldular. Cantona mövsümün sonunda cəzası bitdiyinə görə meydançaya geri döndü və təpik atdığı hadisənin yaşandığı stadionda iki qol vuraraq komandasına qələbə qazandırdı.
Gözlənilməyən qərar: təqaüdə çıxıram
Cantona Manchester United-lə 1996-97-ci il mövsümünü çempion olaraq başa vurdu və bu klubdakı 5 illik karyerasında 4 dəfə çempionluq qazandı. Lakin bir həftə sonra 30 yaşlı Cantona futbolu tərk etdiyini və təqaüdə çıxdığını açıqladı. Kimsə belə bir qərarı gözləmirdi, lakin Cantona-nın fikrincə, artıq sübut edəcəyi bir şey qalmamışdı. (BBC azeri)
Oxunub: 126