Ermənistanda Azərbaycan dilini öyrənmək günü-gündən populyarlaşır. Bəziləri bunu «düşmənin dilini öyrənmək», bəziləri isə münasibətlərin, demək olar ki, tamamilə kəsildiyi qonşuları daha yaxşı anlamaq üçün edir.
2012-ci ildə Ermənistanda ilk Azərbaycan dili dərsliyi buraxılıb. Kitab Yerevan Dövlət Universitetinin Türk bilimləri kafedrasının təşəbbüsü ilə çap edilib. Universitetin elmi şurası isə onun akademik səviyyəyə uyğun olduğunu təsdiqləyib. Bu gün Ermənistanda həmin dərsliyə böyük tələbat var, çünki ölkədə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı günü-gündən artır.
DİLİ ÖYRƏNMƏK İSTƏYƏN XEYLİ GƏNC VAR
28 yaşlı iqtisadçı Ashot Asatrian iki aydır ki, özəl Azərbaycan dili dərsləri alır. Əvvəlcə o, dili təkbaşına öyrənmək istəyib, ancaq dili, sadəcə, onlayn proqramların köməyilə mənimsəyə bilməyəcəyini anlayıb.
«Azərbaycan saytlarında yazılan xəbərləri oxuyurdum. İlk vaxtlar bu, sadəcə, hobbi idi. Sonra Azərbaycanda baş verənləri, siyasi və hərbi hadisələri diqqətlə izləməyə başladım. Xəbərlərin ən maraqlı hissələrini erməni dilinə tərcümə edib öz «Facebook» səhifəmdə paylaşdım. Erməni saytları dərhal mənim qeydlərimi yaymağa başladılar. Zaman keçdikcə, informasiya istehlakçısından yayıcısına çevrildim… O zaman anladım ki, dili öyrənməliyəm. Çünki «Google Translate»in tərcümələrinə… inanmaq olmaz», – Asatrian «OC Media» saytına deyib.
Ashot artıq Azərbaycan dilinin qrammatikasını yaxşı mənimsəyib. İndi o, söz ehtiyatını artırmaqla məşğuldur. O, bütövlükdə altı ay davam edəcək bu kursa 300 dollar ödəyəcək.
«Özəl dərslərə gəlirəm, ancaq başqa bir proqramla dili qrup halında öyrənənlər də var. Özüm kimi Azərbaycan dilini öyrənməyə maraqlı olan çox sayda gənc tanıyıram. Dili yaxşı öyrənəndən sonra Azərbaycan dilinin tədrisi ilə məşğul olan ixtisaslaşmış dil qrupu yaratmağı düşünürəm», – Asatrian deyir.
«ONLARDAN BİR ADDIM İRƏLİDƏYƏM»
2016-cı ildə baş vermiş dördgünlük aprel müharibəsindən sonra Ermənistanda Azərbaycan dilinə maraq daha da artıb. Çox adam Azərbaycanda dərc edilən xəbərləri oxumağa, «düşmən ölkə»də baş verənlər haqda daha səhih məlumat almağa can atır. Azərbaycan haqda istənilən xəbər insanlara maraqlıdır.
«Ölkələrimiz münaqişədə olduğuna görə qarşı tərəflərin dilini bilən mütəxəssislərin olması strateji əhəmiyyət kəsb edir. Bundan başqa, həmişə qonşularınla ünsiyyətdə olmaq və danışmaq istəyirsənsə, onların dilini bilməlisən. Bu, sənə üstünlük qazandıracaq. Mən azərbaycanlılarla danışdıqca, onların keçirdiyi narahatlığı görmüşəm. Çünki onlardan bir addım irəlidəyəm, onların ana dilini mənimsəmişəm», – Asatrian-ın Azərbaycan dili müəllimi Ashot Movsisian deyir.
«ÖZÜMƏ SÖZ VERDİM Kİ, DİLİ ÖYRƏNƏCƏYƏM»
24 yaşlı Movsisian ixtisasca türkoloqdur. O, Yerevan Dövlət Universitetinin Türkologiya fakültəsinin məzunudur. Movsisian kiçik yaşlarından Azərbaycana və onun dilinə maraq göstərib. Sonra sözləri öyrənməyə başlayıb.
«İlk Azərbaycan dili «müəllimim» nənəm olub. Ondan rəqəmləri öyrənmişəm. Sonra atam mənə çox kömək etdi. Onun sayəsində illər ərzində dili təkmilləşdirdim. Yadımdadır ki, bir gün atam Azərbaycan televiziyasında Azərbaycan ordusu haqda proqrama baxırdı. Mən ona çoxlu sual verdim. O qədər sual verdim ki, atam daha tərcümə etmək istəməyib kanalı dəyişdi. Həmin gün özümə söz verdim ki, azərbaycanlıları anlamaq və onlarla ünsiyyətdə olmaq üçün dili öyrənəcəyəm. Əvvəlcə dili dərsliksiz öyrəndim. TV kanalları çox köməyimə gəldi. Universitetdə türk dili oxumağım Azərbaycan dilini daha tez öyrənməyimə kömək etdi, çünki bu iki dil bir-birinə çox yaxındır», – o deyir.
Movsisian-ın sözlərinə görə, ermənilər üçün Azərbaycan dilini öyrənmək asandır. Onun özünə isə daha asan olub. Çünki onun danışdığı ləhcədə (Cənubi Ermənistan və Dağlıq Qarabağda danışılan artsax dialekti) türk və fars mənşəli çoxlu söz var.
İKİ İLDİR AYRICA İXTİSAS AÇILIB
Yerevan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycan dili 2008-ci ildən tədris olunur. İlk vaxtlarda Azərbaycan dili Türkologiya fakültəsində ikinci Şərq dili kimi tədris olunurmuş. Ancaq artıq iki ildir ki, Azərbaycan elmləri ixtisası açılıb.
«İki ildən sonra bu proqramın ilk tələbələri məzun olacaqlar. Çox şadam ki, bu proqrama maraq böyükdür. Bu proqramı Müdafiə Nazirliyi ilə birlikdə həyata keçiririk. Həmin maliyyə ilə dörd pulsuz yer təklif edirik. Tədrisi yüksək səviyyədə gerçəkləşdiririk. Keçmişdə yaxşı dərsliklər yox idi, ancaq son beş ildə sırf tədris xarakterli xüsusi dərsliyimiz var. Kursa Azərbaycanda yaşayan milli azlıqların vəziyyəti, onlarla bağlı siyasət, o cümlədən Azərbaycanın daxili siyasəti də daxildir», – Şərqşünaslıq fakültəsinin dekan müavini Ruben Melkonian deyir.
Yerevan Dövlət Universitetinin Türk bilimləri kafedrası 1991-ci ildə yaradılıb. 2010-cu ildən bu kafedrada Türkiyə, Osmanlı, Azərbaycan, qazax və başqa türk xalqlarının ədəbiyyatı, mədəniyyəti və tarixi tədris edilir. (azadliq.org)
Oxunub: 340