Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya postunun əməkdaşı Eldar Məmmədov ifadə verib.
O, 27 ildir polis vəzifəsində çalışdığını, hadisə günü isə postda olduğunu deyib: “Deyilənə görə, həmin avtobus bizim ərazidən keçib. Amma mən həmin vaxt onu görməmişəm”.
Hadisə nəticəsində dünyasını dəyişən tələbələrdən birinin valideyni Xatirə Nəsibova polis əməkdaşına sual verib. Şahid ona ünvanlanan sualları cavablandırıb.
E.Məmmədov təqsirləndirilən N.Hüseynovun daha əvvəl həmin ərazidən keçdiyini görmədiyini söyləyib: “Düzdür, bizim polis maşınlarında kamera cihazı var. Lakin biz həmin kameralar vasitəsilə avtobusun içərisində olan sərnişinləri görə bilmirik”.
Valideynlər polis əməkdaşının verdiyi ifadəyə narazılıq bildiriblər. Onlar E.Məmmədovun yalan danışdığını vurğulayıblar.
Daha sonra Rauf Seyfullayev dindirilib. O, hadisə zamanı yolda olan yaşıl rəngli “Ford”un əməkdaşı olduğunu deyib: “Mən yolla gedəndə Namiq mənim arxamdan gəlib sağ tərəfə çıxdı. Qarşıda da “Zil” dayanmışdı. Hazırda sürücülük vəsiqəmə həbs qoyulub. Bu işə görə məhkəmə qərar çıxarıb. “Ford”u da satmışam. Mən heç bir avtoxuliqanlıq etməmişəm. Kamera görüntüləri də var ki, günahım yoxdur. Öz 90-lıq yolumla saatda 80 km-lə getmişəm. Sərnişinləri qanunsuz daşımışam. Heç bir dövlət qurumu ilə müqavilə bağlamamışdım. Hadisədən sonra saxladım, uşaqların birinin üzünə su vurdum. Sonra qorxduğum üçün hadisə yerindən qaçdım”.
Zərərçəkmiş X.Nəsibova bildirib ki, hadisə zamanı R.Seyfullayev oradan qorxduğu üçün qaçıb: “Orada olan şahidlərin sözlərinə görə, bu adam deyib ki, “mən qorxuram, bu işdə adım hallanmasın”. Ona görə də hadisə yerindən qaçıb. Hətta Raufla Namiq hadisədən əvvəl mənzil başına tez çatmaq üçün mərcləşiblər də. Bizə bu barədə deyiblər. Niyə belə etdiniz? Axı bizim balalarımızın günahı nə idi? Sənin də balanın başına belə hadisə gələcək. Hələ bir utanmırlar da danışırlar. Bizim uşaqlarımızın axırına bu üç sürücü – Namiq, Elvin və Rauf çıxdı”.
Prosesdə təqsirləndirilən şəxsin vəkili hadisə zamanı baş vermiş videogörünüyə baxılmasını təklif edib. Daha sonra videogörüntüyə baxılıb. Lakin texniki qüsurlara görə videogörüntülərə sona qədər baxmaq mümkün olmayıb.
Məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Prokuror çıxış üçün vaxt istəyib.
Məhkəmə avqustun 1-nə təyin edilib.
Oxunub: 114