7 uşağı ilə parklarda gecələyən ana Femida.az saytına müraciət edib.
Gəncə şəhər sakini Bayramova Zenfira İbrahim qızının sözlərinə görə, ailə həyatı qurduqdan sonra heç vaxt evləri olmayıb. Əslən Xudat rayonundan olan qadın ailə həyatı qurduqdan sonra bir müddət Şəmkir rayonunda ailəsi ilə birlikdə kirayələrdə yaşayıb.
Onun sözlərinə görə, əslən Gəncə şəhərindən olan həyat yoldaşı Natiq Hacıyev Qarabağ müharibəsi zamanı döyüşlərdə ən çətin əməliyyatlarda iştirak edib, bununla bağlı sənədləri də var. Qarabağ əlili kimi Gəncə şəhərində mənzil qeydiyyatına dursalar da, bu günə qədər mənzillə təmin olunmayıblar. Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən müsbət cavab ala bilmədikləri üçün Bakı şəhərinə gələn ailə aidiyyatı qurumlardan kömək istəyirlər. 9 uşaq anası olan qadın artıq 2 aydır ki, parklarda və Dəmiryol Vağzalında gecələyir.
“Mənim durumum belədir. Uşaqlardan 5-i oğlan, 4-ü qızdır. Böyük qızlarımı ərə vermişəm. Ən kiçik uşağımız 3 yaşındadır. Onlardan heç biri təhsil almayıb. Uşaqları belə, küçələrdə böyütməyə məcburuq. Qarşıdan yağışlı və soyuq aylar gəlir. Əgər bizi yataqxanaya yerləşdirməsələr, uşaqlarımın həyatı təhlükəli ola bilər.”
Oxunub: 258