Növbəti proses sentyabrın 14-də keçiriləcək
Bu gün Tbilisi Şəhər Məhkəməsində «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmə prosesi davam edib.
Məhkəmədə iştirak edən siyasi mühacir Daşqın Ağalarlı FB profilində bu barədə yazıb: “Fərman Ceyranlı barəsində həbs qətimkan qərarı dəyişmədi. Hakim əsas şahidlər dindirilib qurtarana qədər bu vəsatətə baxılmayacağını deyib. Əsas etiraz prokurordan gəldi, açıq hiss olunur ki, bu məhkəmədə prokuror təkcə Gürcüstan prokurorluğunu təmsil etmir. Proses şahidlərin dindirilməsiylə davam edir. Hələ ki, hər şey prokurorun istədiyi kimi gedir” deyə D.Ağalarlı yazır.
Növbəti proses şahid ifadələriylə sentyabrın 14-də davam edəcək.
F.Ceyranlı «Lanset» klinikasının yaradıcılarından biridir. O, bu il mayın 22-də həbs edilib. Klinika sahibi Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
Bir müddət qabaq cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, Fərman Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki «Lancet»də müayinə və müalicəsinə şərait yaratması göstərilirdi.
Oxunub: 108