“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin telefon danışıqlarına və ailə üzvləri ilə görüş hüququna məhdudiyyət qoyulub. Bu haqda AzadlıqRadiosu-na Mehman Əliyevin vəkili Fariz Namazlı məlumat verib.
Sentyabrın 7-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Əliyevlə görüşən vəkilin sözlərinə görə, məhdudiyyət Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini Qurban Mehrəliyevin 30 avqust 2017-ci il tarixli qərarı əsasında tətbiq olunub.
“Mehman Əliyev mütəşəkkil dəstənin üzvü deyil ki…”
Fariz Namazlı Mehman Əliyevin telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasını qanunsuz və əsassız sayır. Vəkil məhdudiyyət qərarının surətini almaq üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə müraciət edəcək.
“Mehman Əliyev vergi cinayətində ittiham olunur. Onun telefon zəngləri və görüş hüququnun məhdudlaşdırılmasının hüquqi və məntiqi əsası yoxdur. Başa düşmək olmur ki, niyə məhdudlaşdırıblar. Mehman Əliyev qatı cinayətkar, mütəşəkkil dəstənin üzvü deyil ki, bu cür məhdudlaşdırma ilə onun digər qrup üzvləri ilə əlaqəyə girməsinin qarşısı alınsın. Bu baxımdan, qərar tam əsassız və qanunsuzdur”, – Fariz Namazlı belə deyir.
Oxunub: 394