Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda bir həftə öncə Bakıya səfərləri çərçivəsində siyasi məhbusların saxlandığı cəzaçəkmə müəssisələrinə, o cümlədən Qobustandakı qapalı həbsxanaya da baş çəkmişdilər. “Amerakanın səsi” radiosu həmməruzəçilərdən Stefan Şennaka istinadən məlumat yaymışdı ki, AŞPA təmsilçiləri Qobustan həbsxanasında Müsəlman Bilriyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə, Nardaran işi üzrə 20 il həbs cəzası alan daha bir məhbus Abbas Hüseynov və başqa üç nəfərlə görüşüb (https://www.amerikaninsesi.org/a/siyasi/4032594.html).
Amma indi məlum olur ki, həmməruzəçilərin Taleh Bağırzadə, Abbas Hüseynovla görüşməsi haqda söylədikləri yalandır. Adları çəkilən Nardaran məhbusları bu haqda vəkilləri Yalçın İmanova bildiriblər.
Avropa Şurasının saytına yerləşdirilən məlumatda isə həmməruzəçilərin Qobustan həbsxanasına getdiyi bildirilsə də, orada görüşdükləri şəxslərin kimliyi ilə bağlı konkret adlar göstərilməyib. Şennak özünün “Twitter” hesabında orada beş məhbusla görüşdüklərini yazıb.
Eyni zamanda, Şennak “BBC Azərbaycanca”ya müsahibəsində də Nardaran işini araşdıracaqlarını deyir. Belə olan halda, yenə də ortaya sual çıxır: Şennak Nardaran hadisələrində əsas fiqur olan Taleh Bağırzadə ilə görüşmədən, onu dinləmədən necə araşdırma aparacaq? Yaxud Qobustan həbsxanasına gedib, amma oradakı siyasi məhbuslarla görüşməmək nəyin göstəricidir?
Beləliklə, Şennakın Qobustanda Nardaran məhbusları haqda görüşməsi haqda məlumat yalandır. Ya Şennaka istinadən həqiqətə uyğun olmayan informasiya yayılıb, ya onu “Taleh Bağırzadə” adı ilə başqa məhbuslarla görüşdürüblər, ya da özü ümumiyyətlə, Qobustandakı siyasi məhbuslarla görüşmək istəməyib.
İmanov sentyabrın 22-də Qobustan həbsxanasında həm Taleh Bağırzadə, həm də Abbas Hüseynovla görüşüb. Qobustan həbsxanasına köçürülən gündən orada dəhşətli işgəncələrə məruz qaldığını, rəis də daxil, oranın işçiləri tərəfindən dəfələrlə əlləri qandallı vəziyyətdə döyüldüyünü, 40 dərəcədən artıq istidə günün altında dəmir dirəyə bağlandığını deyən Abbas Hüseynova 8 gün ərzində iki dəfə töhmət verilib – sentyabrın 13-də və 21-də. Məlumata görə, birinci töhmətin səbəbi onun da saxlandığı kamerada həbsxana əməkdaşları tərəfindən axtarış aparılarkən qaydalara əməl olunmamasına, məhkumların əşyalarını alt-üst edib bir-birinə qatmasına Abbasın etirazı olub.
Abbas Hüseynov sentyabrın 22-də vəkili ilə görüşə gətirilərkən onu tam soyundurub, üzərində axtarış aparıblar.
Yeri gəlmişkən, vəkil Yalçın İmanov özü də həbsxanaya giriş-çıxış zamanı ciddi axtarışa məruz qalıb.
Azadliq.info
Oxunub: 1766