Qənimət Zahid
23 sentyabr mitinqinin görkləri varmı? Əlbəttə var!
Mən mitinqi təftiş edənlərin dəlillərini bölüşərdim, amma yalnız bu şərtlə ki, prosesi bütöv götürmüş olsaydılar. İndi Azərbaycanda kütləvi aksiya keçirmək, gerçəkdən, hünərdir. Bu kütləvi aksiyalarda iştirak etmək də yalnız vətəndaş borcu deyil, həm də əsl cəsarətdir. Fakt budur ki, indi ölkəmizdə ictimai etirazın deyil, daha çox ictimai təpərin və ictimai cəsarətin səfərbərliyi prosesi baş verir. Yoxsa, talan olunan sərvətlər yalnız müxalifətçilərin deyil ki? Kötüyünə daş atılan milyardlar Milli Şuranın pulları deyil ki? Bərbad kökə salınan imici ilə dünyanın iqtisadi cinayətlər tarixinə yekə hərflərlə qeyd edilən Azərbaycan yalnız cəbhəçilərin vətəni deyil axı! Çox sakitliklə, soyuqqanlı şəkildə, ağsaqqal ədası ilə «bu mitinq, belə də,.. daha yaxşı ola bilərdi, əgər…» kimi ritorikalarla özünü bir köynək aralıda tutanlara da bu prosesin eynilə dəxli var. «Orada bir dəstə adam toplaşıb etiraz edir, çünki…» deyənlərə də dəxli var bu qlobal talançılığın. «Filankəsin çıxışı yaxşı idi, o birilərin çıxışında filan şeyləri redaktə etmək olardı…» yazanların da Vətəni yağmalanır, hər gün, hər saat yağmalanır və redaktəsiz-filansız.
Milli Şura bu mitinqi elan edəndə onu «partiyalı mitinq» kimi təqdim etmədi, məhz, ümumxalq mitinqi kimi elan elədi. Mitinqə hazırlığın, onun ictimai təqdimatının, indiki zamanda kütləvi etirazların vacibliyinin, vətəndaşların öz haqları və ölkənin mənafeləri uğrunda səfərbərliyinin tarix üçün – həm ən yaxın, həm də ən uzaq tarix üçün nə qədər dəyərli bir proses olduğunu bilmək bütün təhlilçilər, tənqidçilər, təftişçilər, uzaqdan baxanlar…, qərəz, hamı üçün eyni dərəcədə vacib şərtdir.
23 sentyabr mitinqindən alınacaq ən böyük görk də elə budur ki, bu mitinqin sonunda elan edilən 7 oktyabr mitinqi daha gur, daha əzəmətli, daha izdihamlı olmalıdır. Məsələ yalnız bundan ibarət deyil ki, azərbaycanlılar öz ölkələrindən əsrin oğurluq faktlarına görə narahatdılar, buna etiraz edirlər. Həm də başqa bir tərəfi var bu məsələnin. Azərbaycanın necə intensivliklə talan edildiyi dünya mətbuatının, dünya siyasətinin gündəliyindədir. Beynəlxalq ictimaiyyət bizə yardım edir ki, ölkəmizin üzərində hansı dəhşətli, hansı cinayətkar eksperimentlərin aparıldığını tam təsəvvür edə bilək. Onlar bunu edirlər və eyni zamanda həm də müşahidə edirlər ki, bu qədər sıxılmış, talan edilmiş, insan kimi haqları bir yana, evinin içinə qədər oğurlanmış bir xalq bu dəhşətli gəlişmələrin qarşısında özünü necə aparacaq?
Dünya onu müşahidə edir ki, azərbaycanlılar: «mitinq hökumətə sərf edir, çünki cəmiyyətin buxarı qaçır» qənaətinə gələcəklərmi; azərbaycanlılar «stadionda mitinq olmaz, çünki əsas etiraz açıq meydanlarda olmalıdır» müzakirəsini aparacaqlarmı; «kütləvi aksiyalar bizim deyil, müxalifətin işidir, çünki onlar müxalifətçidir, biz isə deyilik» nəticəsində israr edəcəklərmi; «mitinq bizim partiyanın deyil, Milli Şuranın problemidir» deyəcəklərmi; Azərbaycandakı narazıların bir qrupu «polis üztanıyan cihazlar qoyub bizim şəklimizi çəkəcəklər» qorxusunu yaşayıb-yaşamamağı müzakirə edəcəklərmi?.. Bundan daha çox suallar da ola bilər. Amma işin əsli budur ki, 23 sentyabr azərbaycanlılar qarşısında bir mühüm sualı qoyur: bu ölkə azərbaycanlılarındırmı, yoxsa işğal faktı qəbul edilib yağma haqqı verilmiş hansısa yadellilərindir?
Azərbaycan bizim ölkəmizdir, bizim evimizdir, bizim dövlətmizidir. Ona sahib çıxmaq da bizim borcumuzdur. Ölkədə o qədər nəhəng talançılıq faktı baş verib ki, ona qarşı çıxmaq Vətənin bütövlüyü və bölünməzliyi uğrunda dava qədər müqəddəs hala gəlib.
7 oktyabr bu missiyanın müəyyən etdiyi növbəti tarixdir.
Bizim cəmiyyətin elitası, ictimai sektor bütünlükdə, azad sözün daşıyıcısı sayılan bütün medya qurumları, özünü ziyalı sayan bütün azərbaycanlılar, bütün siyasi-ictimai fəallar 7 oktyabr mitinqinin təşkilatçıları və təbliğatçıları sırasında olmalıdır. Bu zümrəyə daxil olan heç kimin bu prosesi müşahidə etmək, tənqidçi statusunda öyüd saçmaq, təftişçi ranqında yanakı baxmaq haqqı yoxdur. Bu, ölkənin talanmasına qarşı bir dirəniş prosesinin daha bir epizodudur. Böyük pöroseslər belə yazılır.
Mən 7 oktyabra qədərki mərhələni belə təsəvvür edirəm!
Oxunub: 2294