Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya
Sizə məcbur qalaraq müraciət edəsi oldum. Mən şərlənərək 9 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun anasıyam. Allah heç bir anaya, o cümlədən də Sizə övlad narahatçılığı verməsin. Bu, mənim səmimi sözümdür. Lakin oğlum Rüfətin həyatı hal-hazırda təhlükə altındadır. Görünür,onun azad sözü və sərbəst ifadə tərzi hökumətimiz tərəfindən süngü ilə qarşılaşdığından Rüfətə qarşı belə amansız və qəddar münasibət nümayiş etdirilir. Bəlkə oğlumun işdən azad edilməsi, onun qanunsuz həbsə atılması kifayət etməyib? Ona görə də yuxaıdan gələn sifarişlər hesabına 9 saylı cəzaçəkmə müəssisəsində Rüfətə qarşı işgəncələr, təqib və təzyiqlər getdikcə daha şiddətli şəkil alır. Artıq 3-cü dəfədir ki, müxtəlif bəhanələrlə onu karsa salırlar. Bu son cəza Rüfətin aclıq aksiyası ilə əlaqələndirilir. Guya ki, o daxili nizam-intizamı pozmuşdur. Yəqin növbəti daha ağır hadisələri gözləməli olacağıq. İnsan hüquq və azadlıqlarına və dövlətin elan etdiyi özgür fikrə , azad sözə münasibət beləmi həyata keçirilir?! Ola bilsin bu sözlərim Sizi hiddətləndirsin. Eybi yox . Zatən belə hiddətlərin Rüfətin üzərində sınaqdan keçirilməsinə dəfələrlə şahidlik etmişik. Güc Sizin əlinizdədəir. Hər şey edə bilərisiniz. Adi adamlar kimi bizlərin əlində elə imkan yoxdur ki, qəzəb və nifrətinizi yüngülləşdirə bilək. Güvəncəmiz yalnız sözdür… Günün birində Mehman Qələndərovun faciəvi aqibətini Rüfətin də üzərində sınaqdan keçirə bilərlər. Sonra da adını qoyarlar ki, özünü asaraq intihar etmişdir. Bir ana kimi Rüfətin ətrafında baş verən kəskin vəziyyətlər məndə istər-istəməz bu təsəvvürü də yaradır.
Hələlik müxtəlif məlumatlar yayılmaqdadır. Karsdan sonra Rüfətin tubzonaya köçürülməsi barədə xəbərlər də özünə yer almaqdadır. Məgər Rüfət vərəm xəstəsidir?! Başqa bir informasiya da var ki, övladımın Qobustandakı qapalı müəssisəyə köçürülməsi planlaşdırılır. Bəlkə Rüfətin həyatına son qoymağı qarşıya məqsəd kimi qoyublar. O zaman birdəfəlik bitirib qurtarsınlar.
Hörmətli prezident və hörmətli Mehriban xanım, bir ana olaraq Sizdən xahişim odur ki, oğlumu gözləyən amansız təhlükələrin önünün kəsilməsinə müdaxilə edəsiniz. Mənim bir oğlum var. Onu əlimdən qoparmaq istəyənlərə son olaraq sözüm budur : hər kəsin balası var, bunu düşünsünlər. İnanmaq istərdim ki, Siz bu məsələni ciddi nəzarət altına alaraq Rüfətə qarşı təqib və təziqlərin, işgəncələrin aradan qaldırılmasına köməklik göstərəcəksiniz.
Hörmətlə Tahirə Tahir qızı Səfərova – Rüfətin anası
24.09.2017
Oxunub: 752