Bazar günü keçirilən Almaniya parlament seçkilərinin exit poll nəticələrinə görə, kansler Angela Merkelin CDU partiyası 32,5 faizlə bir daha ən böyük parlament partiyası olacaq.
2-ci Dünya Müharibəsindən indiyədək ilk dəfə Almaniya parlamentinə 6 partiya seçilib. Eyni zamanda, Sosialist Demokrat Partiyası (SPD) 20 faizlə post-müharibə dövründə ən aşağı nəticəsini əldə edib.
İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası isə 13,5 faizlə tarixində ən yüksək göstəriciyə və üçüncü yerə nail olub.
Exit poll nəticələri həmçinin göstərir ki, Azad Demokratlar Patiyası (FDP) 10,5 faizlə dördüncü, Yaşıllar 9,5 faizlə beşinci və Die Linke (Sol) partiyası 9 faizlə altıncı yerdədirlər.
Almaniyanın digər ictimai mediası ZDF-in topladığı alternativ exit poll nəticələri isə belədir: CDU – 33,3 faiz, SPD – 20,8 faiz, AfD – 13,2 faiz, FDP 10,1 faiz, Yaşıllar – 9,2 faiz və Die Linke (Sol) – 8,9 faiz.
Angela Merkel: Proqnozlar onun qalib gələcəyini göstərir. Beynəlxalq birlikdə, 2005-ci ildən bəri Almaniyanın kansleri olan xanım Merkel sabitliyin təminatçısı kimi görürlər. Avropa miqrasiya böhranının ən gərgin dövründə onun, qaçqınları Almaniyaya dəvət etməsi ona siyasi ziyan vursa da, sorğular onun bu ziyanı bir qədər aradan qaldırdığını göstərir.
Martin Shulz: O, mərkəz-solçu SPD-nin lideri, xanım Merkelin ən mühüm rəqibi və koalisiya partnyorudur. Bu isə partnyorunu tənqid etməyə cəhd edən siyasətçi üçün seçki kampaniyası dövründə çətinliklər yaradıb.
Alice Weidel və Alexander Gauland: Onlar ifrat sağçı AfD-nin əsas namizədləridirlər. Onlar üçün parlament yerləri qazanmaq və hətta bəzi proqnozlara görə, üçüncü ən böyük partiya olmaq böyük bir nailiyyət olar.
Angela Merkelin CDU alyansı səslərin ən böyük payını qazansa da, nəticə keçən dəfəki parlament seçkilərində əldə edilən faizdən aşağıdır. Bu isə, çox güman ki, CDU-nun parlamentdə bir neçə yeri itirəcəyini göstərir.
AfD-nin qərargahında toplanan izdiham exit poll nəticələrinə sevinərək “biz ölkəmizi geri alacağıq” şüarları ilə qarşılayıb.
Hazırda koalisiya hakimiyyətində CDU ilə əməkdaşlıq edən SPD bu dəfə CDU ilə koalisiya hakimiyyəti qurmayacağını açıqlayıb.
SPD-nin baş katibi Hubertus Heil ZDF-ə deyib ki, SPD parlamentli demokratiya naminə bu dəfə müxalifətdə öz rolunu oynamaq niyyətindədir.
Bununla, parlamentdə çoxluğu təşkil etmək üçün CDU yeni hakimiyyəti digər partiyalardan ən azı ikisilə qurmağa məcbur qalacaq.
CDU yeni hakimiyyəti koalisiya ilə qurmağa nail olarsa, vəzifəsində 12 il təcrübə qazanan xanım Merkel 4-cü müddətə kansler seçiləcək.
Üçüncü yerə nail olduğu ehtimal edilən ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası İslam və miqrantların Almaniyaya gəlişinə qarşıdır.
İndiyədək AfD yalnız regional parlamentlərdə yer qazana bilib. Lakin partiya seçki kampaniyası dövründə miqrasiya ilə bağlı narahatlıqları mərkəzi müzakirə mövzusuna çevirərək popularlığını artırıb.
Digər mühüm partiyalar arasında Die Linke (Sol), Yaşıllar və Azad Demokratlar (FDP) var.
Almaniyanın hər dörd ildən bir keçirilən parlament seçkilərində 18-yaşından yuxarı olan 61,5 milyon insanın səsvermə hüququ var.
Seçicilər iki səsvermədə iştirak edir – yerli namizəd və siyasi partiya üzrə seçimdə.
(BBC Azərbaycanca)
Oxunub: 104