Vəkili Fuad Ağayev bu gün, oktyabrın 2-də REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovla görüşüb. Vəkil İ.Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindən çıxdıqdan sonra onun mesajlarını ictimaiyyətə çatdırıb.
F.Ağayev deyib ki, İ.Məmmədovun ictimaiyyətə iki bəyanatı var.
Vəkilin bildirməsinə görə, REAL lideri hökumətin cinayət qanunvericiliyinə təklif etdiyi dəyişikliklər paketi ilə bağlı mövqeyini açıqlayıb. O hesab edir ki, həmin dəyişikliklər paketi Avropa İnsan Hüquqları Məhkəməsinin onun qeyd-şərtsiz azad edilməsini nəzərdə tutan qərarının icrasını təmin etmir.
Bundan başqa, İ.Məmmədov indiyədək onun müdafiəsində iştirak edən bütün başqa vəkillərinə təşəkkürlərini çatdırıb, onların fədakarlığını yüksək dəyərləndirdiyini ifadə edib.
«Lakin indi bildirir ki, onun həbsi ilə bağlı yeni mərhələ başlayıb. Hesab edir ki, indiki mərhələdə onların xidmətlərinə elə bir ehtiyac yoxdur. İndiki mərhələdə həmin vəkillərin xidmətlərindən imtina edir», – F.Ağayev bildirib.
Onun deməsinə görə, İ.Məmmədov yeni mərhələ deyərkən, Avropa Şurası Nazirlər Komitəsinin REAL lideri ilə bağlı qərar verməsini nəzərdə tutur.
Bundan sonra F.Ağayev İ.Məmmədovun tək vəkili olacaq:
«Biz 20 ildən artıqdır ki, tanışıq. İ.Məmmədov tutulduğu vaxtdan onun hüquqlarını müdafiə etmişəm. İndi də onu Avropa İnsan Hüquqları Məhkəməsində, Avropa Şurasının Nazirlər Komitəsində təmsil etməyə davam edirəm».
İ.Məmmədovun səhhətinə və digər qayğılarına gəlincə, F.Ağayev ciddi narahatlığın olmadığını ifadə edib.
«Səhhəti ola bilər ki, ideal deyil. Ancaq qənaətbəxşdir. Əhvalı da normaldır. Başqa çətinliklər, problemlər hazırkı mərhələdə yoxdur», – vəkil əlavə edib.
Ötən həftə F.Ağayevin İ.Məmmədovla görüşü baş tutmamışdı. F.Ağayevin deməsinə görə, müəssisədə olarkən bu məsələyə də toxunulub. Ona bildiriblər ki, ötən həftə görüşə gec saatlarda gəlib. Ancaq F.Ağayev bu izahatın əsassız olduğunu ifadə edib (azadliq.org).
Oxunub: 686