Azərbaycan hökumətu jurnalistlərin ölkədən çıxışına niyə qadağa qoyduğuna cavab verməlidir
“Avropa Məhkəməsi ölkədən çıxışına qadağa qoyulan şəxslərin şikayəti üzrə kommunikasiya başlayıb”. Bu barədə vəkil Fariz Namazlı facebook statusunda yazıb.
Hakimiyyətin 2014-cü ildə qeyri-hökumət təşkilatları və media qurumlarına basqısının sonucu olaraq ictimai fəal şəxslərin ölkədən çıxışına qadağa qoyuldu. Barəsində kommunikasiya başlayan şəxslər də onların bir qrupudu. Vəkil yazır: “Bunlar Aynur Elgünəş, Aytac Əhmədova, Natiq Cavadli və Xədicə İsmayılovadır. İlk 3 şəxs Meydan.tv-nin fəaliyyəti ilə bağlı aparılan cinayət təqibi çərçivəsində, X.İsmayılovaya isə şərti cəza tətbiq edildiyi üçün ölkədən çıxışına qadağa qoyulub. Azərbaycan hökümətinə 17.01.2018-ci ilə qədər öz qeydlərini vermək xahiş olunub. Şikayətlərdə Konvensiyanın 4 sayli protokolunun 2-ci maddəsi, 8, 10, 13,18-ci maddələrinin pozuntusunun tanınması xahiş olunub”.
Bundan əlavə, vəkil 11 ərizəçinin işi üzrə də Avropa Məhkəməsinin kommunikasiya başladığını bildirir: ”Avropa Məhkəməsi 2012-2016-cı illərdə ölkədən çıxışına qoyulan qadağalardan 11 ərizəçinin verdiyi şikayətlər üzrə də kommunikasiya başlayıb. Bu ərizəçilər sırasında Aynurə İmranova, Gülər Mehdizadə, Rövşanə Rəhimova, Aytən Ələkbərova (Fərhadova), Aynurə Heydərova, İzolda Ağayeva, Əminə Hacıyeva (C.Hacıyevin bacısı), Ənnağı Hacıbəyli, Azad Mürsəliyev (Elşad Abdullayevin bacısı oğlu), Azər Qasımlı, Dilarə Vəliyeva var. Avropa Məhkəməsi Konvensiyaya 4 saylı protokolun 2-ci maddəsi (sərbəst hərəkət etmək azadlığı), həmin maddə ilə birlikdə götürülməklə 13 (səmərəli müdafiə vasitəsinin olmaması) və əlavə olaraq Ə.Hacıbəylinin şikayəti üzrə 8 (özəl həyata müdaxilə) maddəsinin pozuntusunun olub-olmaması ilə bağlı Hökümətə suallar ünvanlayıb. Azərbaycan höküməti 17 yanvar 2018-ci ilə qədər suallara cavab verməlidir”.
Oxunub: 654