Nəsimi Məmmədli, politoloq
Milli Şuranın 28 oktyabr mitinqi izləyənləri müsbət mənada təəcübləndirəcək bir aksiya oldu.
Hökumətin bu qədər açıq və total basqılarından sonra doğrusu belə bir kütləvi mitinqin olacağını zənn etmirdim. Aksiyaçıların əhval-ruhiyyəsi və coşğusu bundan öncəki mitinqlərdə olduğu kimi yenə də çox yüksək idi.
Səthi olaraq qiymətləndirmə aparsaq, mitinqlər öz ilkin məqsədinə çatdı. Ölkənin sadə vətəndaşlarından tutmuş, prezidentinə qədər hər kəs mitinqlər barəsində danışmalı oldu. Mitinqin şüarları, keçirilmə məqsədi və təşkilatçıları barədə ölkənin ən ucqar yerlərinə qədər məlumatlar yayıldı. İstisnasız olaraq bütün ciddi siyasi qurumlar bu mövzuda daxili müzakirələr apardı və müəyyən açıq və gizli qərarlar qəbul etdi.
Mitinq mövzusu 1 aydan çoxdur siyasi gündəmi öz inhisarında saxlamağa müvəffəq oldu. Etiraf etmək lazımdır ki son 2-3 ildə heç bir mövzu və ya olay ictimai rəydə bu qədər müzakirə olunmayıb. Nə bina üzlükləri yanarkən insanların faciəli ölümü, nə neftçilərin dənizdə faciəli batması, nə aprel əməliyyatları, nə də digər səs-küylü olaylar ölkə gündəmində bu qədər uzunmüddətli və həssas müzakirə olunmadı. Sosial şəbəkələrdə mitinqləri dəstəkləyənlərlə yanaşı, çox sərt tənqid edənlər və ələ salanlar da oldu. Təəssüf ki sonuncular yalnız iqtidar və onu dəstəkləyənlər deyildi, həm də özlərinin müxalifət olduqlarına inananlar da var idi.
Mitinqə görə yüzlərlə müxalifət fəalı inzibati həbs edildi, cərimələndi, qanunsuz işdən çıxarıldı, təqib və təzyiqlərə məruz qaldı. Sanki 1 aydan çoxdur ölkədə müxalifət üçün elan edilməyən fövqəladə vəziyyət və komendat rejimi hökm sürürdü. Hüquq-mühafizə orqanlarının və yerli icra hakimiyyətlərinin minlərlə əməkdaşları qanunsuz əmrlərin icrasına səfərbər edildi, yuxuları ərşə çəkildi.
Bütün basqılara baxmayaraq etirazlara qərarlı olan fəal kəsimi heç bir əngəl məqsədindən yayındıra bilmədi. Hökumətin müxalifətə qarşı dinc siyasi vasitələrdən istifadə imkanlarının olmadığı üzə çıxdı. Xalqın iqtidardan narazılığının və etirazlara münasibətinin miqyasını monitorinq etmək baxımından da əhəmiyyətli faktlar əldə olundu. Müxalifət qurumlarının real durumunu, yanaşmasını və gələcək əməkdaşlıq imkanlarını da bu mitinqlər qismən nümayiş etdirdi.
Mitinqlərin ardıcıl davam etməsi cəmiyyətin siyasi fəallığına müsbət töhfə verdiyi də inkar olunmazdır.
Oxunub: 2560