İlham Hüseyn
Bütün maneələrə, ağlagəlməz təxribat üsullarına baxmayaraq Milli Şura 3 ardıcıl mitinq keçirdi. Əlbəttə ki, mitinqlə bağlı tənqidi fikirlər səsləndirmək, çatışmazlıqları göstərmək, daha uğurlu təkliflər səsləndirmək olar. Amma əmin ola bilərsiz ki, çatışmazlıqları da, tənqidə hədəf olacaq məqamları da yaxşı bilrik. Təbii ki, maliyyə imkanlarımız geniş olsaydı, təbliğat imkanlarımız məhdud olmasaydı, bütün ölkə boyu mitinq təşkilatçıları təqib və təzyiqlə üzləşməsəydilər daha uğurlu mitinq keçirmək olardı. Amma mən tamam fərqli və olduqca mühüm məqama toxunmaq istəyirəm.
Son 3 mitniqin çox mühüm bir mesajı var idi. Bəli, 23 sentyabr, 7 oktyabr və 28 oktyabrda keçirilən mitinqlər göstərdi ki, xalq sahibsiz deyil. Bu xalqın yükünü çəkən, xalqa atılan oxlara sinəsini sipər edən, heç bir bəhanə axtarmadan xalqı təmənnasız sevən qüvvə var və qüvvə prinsiplərinə sadiqdi. Uzun illərdi hökumət xalqa nə təqdim edirdi?
“Biz pisik, amma bizdən yaxşısı da yoxdur. Ona görə də bizim zülmümüzə dözün”.
Milli Şura isə bir daha göstərdi ki, başından zərbə alsa da, ayağına güllə dəysə də xalqdan vaz keçməyəcək. Zaman göstərdi ki, bizim mübarizəmiz hakimiyyət uğrunda deyil, bizim ağzımızı sulandıran hakimiyyət kürsüsü deyil. Bizim ağzımızı azadlıq sulandırır, ədalət sulandırır, xalqın xoşbəxtliyi sulandlrır. Zaman onu da göstərdi ki, biz xalqdan kənar xoşbəxtçilik, komfort axtarmırıq. Son 3 mitiniq həm də “mən səni sevirəm, səni sevənlə həmrəy ol” meajı idi. Uzun illər hakimiyyətin əsas siyasəti bundan ibarət olub ki, xalqı onu sevən qüvvələrdən ayrı salsın. Yəni, çalışıblar ki, xalq hakimiyyətə nifrət etsə də, real müxalifət qüvvələrinə də inanmasın, etimad göstərməsin, soyuq yanaşsın. Bu mənada son 3 mitinq xalqa bir daha ünvanı göstərdi. Göstərdi ki, xalqın donmuş əllərini isitmək istəyən, xalqı ocaq başına yığmaq iqtidarında olan qüvvə var. Son 3 mitinq hökuməti dəyişmək üçün deyildi, insanların beynindəki köhnəlmiş fikirləri təmizləmək, xalqda özünüəinam hissi yaratmaq, xalqa xilasın mümkünlüyünü göstərmək idi.
Açığı, bu mitinqlər böyük fədakarlıqlar hesabına ərsəyə gəlir. Məhz xalqın xilası üçün xeyli adam özünü hədəfə çevirir, snayperin qırmızı işğını alnında hiss edir.
Beləliklə, son 3 mitinqi “xalqa sahib çıxmaq mitinqi” adlandırmaq olar. Əsir düşəcəyini, öldürüləcəyini, şikəst olacağını bildiyi halda əsir düşərgəsindən dostlarını xilas etməyə cəhd göstərən əsgəri düşünün. Amma əsirlikdə olanların da görə biləcəyi işlər var. Ən azı saxlandığı zindanın qapısı açıldıqdan sonra, əlinə taxta parçası götürüb, ümumi işə kömək etməlidir.
Hökumət son 3 mitiniqin alınmayacağına əmin idi, biz isə alınması üçün hər şeyi etdik. Hökumət bu öıkədə azadlığın, demokratiyanın bərpa olmaması üçün də əlindən gələn iedir, amma biz bərpa edəcəyik. Sözsüz ki, xalqa olan sevgimizlə və xalqın sevgisiylə……
Oxunub: 1442