Maştağada ruhi dispanserdə müayinə olunan müxalifətçi dünən noyabrın 4-ü inzibati cəzasını başa vuraraq sərbəst buraxılıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan Füzuli Hüseynov polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılaraq məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs cəzası almışdı.
Füzuli Hüseynov Binəqədi İnzibati Saxlanma Məntəqəsində fiziki və psixoloji təzyiqlə üzləşdiyini bildirir. O, bununla bağlı məhkəməyə müraciət etmək fikrindədir.
Bu barədə Füzuli Hüseynov özü AzadliqRadiosu-na danışıb. O, Maştağa ruhi-əsəb dispanserinə aparılmasın; işgəncə hesab edir:
“Mənə əvvəlcə aparıldığım Binəqədi İnzibati Saxlanma Məntəqəsində fiziki işgəncə verdilər. Ümumiyyətlə, bu dəfə saxlanma şəraiti dözülməz idi, əvvəllər belə münasibət olmamışdı. Üçüncü dəfədir Binəqədi İnzibati Saxlanma Məntəqəsində oluram, belə münasibət görməmişdim. Bu vəziyyət ictimailəşməlidir, beynəlxalq təşkilatlara müraciət edəcəyik”.
Füzuli Hüseynovun bu il oktyabrın 13-ü Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından Maştağadakı 1 saylı ruhi-əsəb dispanserinə aparıldığı bildirilirdi.
Bu barədə AzadlıqRadiosu-na vəkil Əsabəli Mustafayev məlumat vermişdi.
Vəkilinin deməsinə görə, Füzuli Hüseynov orada müayinədən keçirildikdən sonra yenidən təkrar təcridxanaya qaytarılıb.
Ə. Mustafayev AzadliqRadiosu-na həmçinin demişdi ki, cəbhəçidə hər hansı psixi pozuntu aşkarlanmayıb:
“F.Hüseynov inzibati həbsinə etiraz olaraq təcridxanada quru aclıq aksiyası (su da içməyib) keçirib. Təcridxana rəhbərliyi isə görünür F.Hüseynovun başına nəsə gələ biləcəyi və buna görə məsuliyyət daşıyacağı təlaşı keçirib. Hesab ediblər ki, ən yaxşı çıxış yolu onun ruhi-əsəb dispanserinə göndərilməsidir. Bu hərəkətilə təcridxana rəhbərliyi bir növ özünü sığortalayıb”.
Bu və Füzuli Hüseynovun son açıqlamalarına, hələlik, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasının rəhbərliyinin və başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Ancaq Azərbaycanın rəsmi qurumları işgəncə iddialarını bir qayda olaraq rədd edirlər.
Füzuli Hüseynov bundan əvvəl də təkbaşına Bakıda metro stansiyalarının qarşısında “Siyasi məhbuslara azadlıq” şüarı qaldırıb. İki dəfə inzibati qaydada həbs edilib.
Oktyabrın əvvəllərində isə AXCP-nin 6 fəalı inzibati qaydada həbs edilib. Onlar polisin qanuni tələbinə əməl etməməkdə ittiham ediliblər.10 gündən 30 günə kimi inzibati həbs cəzası alıblar.
Partiya onların aksiyaların kütləviliyinin qarşısını almaq məqsədi ilə şərlənərək həbs edildiyini bildirmişdi.
Oxunub: 534