Vəkillər Kollegiyasına üzv olmayan hüquqşünasların məhkəmələrdə nümayəndə kimi iştirakının ləğvinә dair qanuna etiraz olaraq mitinq keçirmək qərarı vermiş hüquqşünasların bu addımına Milli Şura sədri Cəmil Həsənli özünün fb səhifəsində münasibət bildirib:
“Məlum olduğu kimi bir neçə gün öncə Milli Məclis nümayəndə kimi hüquqşünasların mülki və inzibati işlərdə vətəndaşları müdafiə etmək hüququndan məhrum edilməsi barədə qanuna dəyişiklikləri müzakirə edib. Ali Məhkəmə tərəfindən Məclisə göndərilən göndərilən dəyişiklikdə göstərilir ki, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməz. Ən qəribəsi odur ki, hökumət bu dəyişikliklərin vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətini artırmaq məqsədi güddüyünü iddia edir. Əgər xatırlayırsınızsa, bir neçə il əvvəl hay-harayla həyata keçirilən pensiya islahatı da əhalinin sosial-rifah halnın yaxşılaşdırılması adı altında keçirilirdi. Nəticəsi nə oldu? Hazırda eyni vəzifədən pensiyaya çıxan vətəndaş bu “sosial-rifahın” yaxşılaşdırılmasını vəd edən başı bəlalı islahata qədər pensiyaya çıxan vətəndaşdan iki dəfə az pensiya alır. Ya elə götürün qazın, işığın, suyun, yanacağın qiymətinin qaldırılması ilə bağlı qərarları. Hamısının birinci bəndində göstərilir ki, az təminatlı əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə ədalətli qiymət siyasəti tətbiq edilir və sair. Bircə anlığa diqqət yetirin ki, əhalinin guya həyatını “daha etibarlı şəkildə” qorumaq adı altında cərimə və məcburi rüsumların həcmi son illərdə nə qədər qaldırılıb?
İndi vəkillik institutunu bütünlüklə monopoliyaya almaq üçün bu üsuldan istifadə edirlər. 10 milyona yaxın əhalisi olan ölkədə vur-tut 900-ə yaxın Kollegiya üzvü olan vəkil var. İndiki vəziyyətdə ortalama hər 11 111 nəfərə 1 vəkil düşür. Siyasi mülahizələrə görə vətəndaşları polisə müqavimət adı altında, cibinə narkotika, evinə, maşınına silah atmaq yolu ilə insanların həbs edilməsi adı bir hal alan ölkədə vəkillik institutunun nəzarətə götürülməsi gözlənilən idi. Çünki bu Kollegiya deyilən qurumun idarəsi hakimiyyətin əlindədir. İstənilən hakimin saxta bir şikayət ərizəsi ilə vəkilin məsələsini Kollegiyanın müzakirəsinə çıxarıb onu üzvlükdən azad edə bilirlər. Peşəkar hüquqşünasların nümayəndə kimi mülki və inzibati işlərə çıxması bir növ vəkillərin işini azaldırdı. Vətəndaşlara bir qədər ucuz, lakin etibarlı hüquqi yardım göstərməyə kömək edirdi. Bu dəyişikliklə əhali bu yardımdan məhrum edilir. Əlbəttə, bura Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərdə nümayəndəlik institutunun üstün rolunu da nəzərə almaq lazımdır.
Bu gün məlumat aldıq ki, bu eybəcər dəyişikliyə etiraz olaraq Praktik Hüquqşünasların İşçi Qrupu mitinq keçirmək istəyir. Əgər nümayəndəlik institutunda təmsil olunan hüquqşünasların mitinq keçirmək istəyi ciddi olarsa, onların hüquqlarını və əhalinin daha etibarlı hüquqi təminat almaq haqqını müdafiə etmək məqsədi ilə Milli Şura bu mürtəce dəyişikliyə etiraz olaraq keçriləcək aksiyaya dəstək verə bilər.”
Oxunub: 58