Rusiyada fəaliyyəti qadağan olunmuş “Artpodqotovka” hərəkatının aksiyasında iştirak etmək ittihamları ilə təxminən 400 nəfərin saxlandığı bildirilir. Moskvada polisin 346 nəfəri, Sank Peterburqda isə 13 nəfəri saxladığı deyilir. Krasnodar, Krasnoyarsk, Perm, Rostov, Saratov və Omsk şəhərlərində də saxlanılanlar olduğu haqda xəbər verilir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin veb səhifəsindəki məlumatda saxlanılan şəxslərin hamısının hökumətə qarşı “Artpodqotovka” hərəkatının üzvləri olduğu bildirilir. Təhlükəsizlik qüvvələrinin 15 butulka Molotov kokteyli müsadirə etdiyi deyilir. Məlumata əsasən, saxlanılan şəxslər hökumət binalarının yandırılması və polis üzvlərinə hücumlar kimi “ekstremist” fəaliyyətlər planlaşdırırdı.
Dövlətə məxsus media agentlikləri adının açıqlanmadığı mənbələrə istinadən saxlanıların yoxlanışı zamanı bəzi şəxslərin üzərində bıçaq və kastetlər aşkar edildiyi haqda məlumat verib. Bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.
Rusiya hüquq-mühafizə orqanları “Artpodqotovka” hərəkatının fəaliyyətinin qarşısının alınması məqsədilə kampaniya aparır. Qrupun lideri olan siyasətçi və bloqer Vyaçeslav Maltsev əvvəlki çıxışlarında Rusiyada 2017-ci il noyabrın 5-də inqilabın baş verəcəyini demişdi. Maltsev hazırda xaricdə yaşayır. O, ölkəni yay ayları ona qarşı ekstremist fəaliyyətlərə təhrik etmək ittihamı ilə cinayət işi qaldırılandan sonra tərk edib.
Noyabrın 5-ə qədər ölkənin hər yerində Maltsevin onlarla tərəfdarı saxlanılıb.
“Artpodqotovka” hərəkatı Rusiyada ekstremist qrup kimi səciyyələndirilir.
Oxunub: 552