Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı noyabrın 14-də dünyada İnternet azadlığının vəziyyəti haqqqında “İnternet azadlığı – 2017: Demokratiyanın sarsılması üçün sosial medianın manipulyasiyası” adlı illik hesabatını dərc edib.
Araşdırmada qeyd edilir ki, ən az 18 ölkədə seçkilərdə İnternetdə manipulyasiya və dezinformasiya taktikasından istifadə olunub.
Son yeddi ildə faktiki olaraq bütün dünyada İnternetdə məhdudiyyətlərin güclənməsi tendensiyası müşahidə olunur.
Hesabat 2016-cı ilin iyunundan 2017-ci ilin mayına qədər olan dövrdə 65 ölkəni və dünyadakı istifadəçilərin 87%-ni əhatə edir.
Hesabatın bəzi hissələrində Azərbaycanla bağlı xüsusi məqamlara toxunulur.
Belə ki, Azərbaycanda, Bəhreyndə, Meksikada və Çində sosial mediada istifadəçilərin hesabları haker hücumları vasitəsilə izlənilir.
İnternetdə müstəqil ekspertlər belə bir nəticəyə gəlirlər ki, bu hücumların arxasında hökumət durur.
Hesabatda İnternet manipulyasiyalarının beş növü təsnif edilir və onların 4-ü Azərbaycanda tətbiq edilib.
Söhbət hökumətyönlü şərhçilərdən istifadədən, hakimiyyətyönlü mediadan, trollardan və hesabların “oğurlanmasından” gedir.
Azərbaycanda xaricdən maliyyələşən KİV-in fəaliyyətinin məhdudlaşdırılması nəticəsində mediada plüralizm ciddi şəkildə pisləşib. Bu hal medianı reklam bazarına çıxış əldə etmək üçün hökumətdən asılı vəziyyətə salır.
Hesabat dövründə 18 ölkədə xəbər saytları haker hücumlarına məruz qalıb.
Azərbaycanda Abzas xəbər portalı hökumət haqqında tənqidi materiallar dərc etdikdən sonra belə bir hücuma məruz qalıb.
Portal domenini dəyişdirənə qədər bərpa edilməyib.
Ekspertiza göstərib ki (“Turan”), bu hücumlar Azərbaycan hökumətinə məxsus İP adreslərdən törədilib.
Azərbaycan hökuməti əvvəlki illərdə də İnternet azadlığının məhdudlaşdırılmasına və senzura tətbiq etdiyinə görə tənqidə məruz qalıb.
Oxunub: 1142