Rafiq Manaflı
İlham Əliyev dünyanın ən kef çəkməli məkanlarında düşmənlə, Sarkisyanla görüşür, mırtlaşır, zarafatlaşır, danışır, gülür – adam hesab edir Sarkisyanı.
Qayıdıb gəlir evə, burada bir müşavirə düzəldir və sifətini bozardıb o insanları ki, Sarkisyan heç onların ayağının tozu ola bilməz, onları nifrətlə antimilli qrup, ünsür və sair bu kimi ağlına və ağzına gələn epitetlərlə təhqir edir.
O insanları ki, canı, qanı ilə müstəqil dövlət qurub, karyerist, səbatsız daxili düşmənlərin bu dövlət üçün yaratdığı çətin günlərdə “bu dövləti qoruyacaq” deyə, yaramaz ümidlərlə onun atasına təhvil verib kənara çəkiliblər.
İndi oturub fikirləşirsən, kimdir İlham Əliyev və onun rejimi üçün düşmən? Torpağımızı işğal edən, xalqımıza yağı kəsilən, bacarsaydı, allah qanad versəydi türkün dam-daşını başına uçurmağa hazır olan Serj Sarkisyan, yoxsa min əzab-əziyyətlə, daxili manqurdların tənələrindən, təhqirlərin keçərək Azərbaycanı bir işğalçıdan qoparıb müstəqil edən və sonra, təəssüf ki, digər işğalçının əvvəlkindən də ağır zülümlərinə tuş gələn millət fədailəri?
Və əsas da odur ki, düşmən sandığını adam sanmayasan. Qarşılıqlı münasibət görməyəcəksənmi?
Pul insanın gözünü qızdırmasın. Qızdırdımı, sağına, soluna, ətrafına münasibətini özünə layiq bircə kəlmə ilə ifadə edəcək: “Ağıllısansa niyə kasıbsan?” Və bu münasibət hakimiyyətin varlandırdığı bütün məmurlar ordusu üçün xarakterikdir.
Qəbul edirəm, pulunuz çoxdur, amma doğurdanmı özünüzü varlı hesab edirsiniz? “Qazanmışam” deyə o pullar sizdə daxili bir rahatlıq yaradırmı? Qazanmamısınız axı o pulları. Sizin o boyda pulu qazanmağa ağlınız harada idi. Talamısınız bu dövləti, düşmən malı kimi. Ağlınız da çatmayıb ki, heç olmasa talayanda yüksək texnologiyaların, müasir avadanlıqların və digər iqtisadiyyatı irəli aparacaq vasitələrin ölkəmizdə tətbiqindən yararlanasız. Daşa, çınqıla, quma sovurub talamısınız bu ölkəni. Elə bu yaxınlarda “Süddeutsche Zeitung” 16 min sənəd-sübutla 2,9 milyardı əlinizdə tutub oğru adınızı üstünüzə qoymadımı? Tarix boyu bütün banditlərin ayağının altında yanan torpağın istisini hiss etmirsinizmi? Siz bu ölkəni hansı günə qoymusunuz ki, bizə həqarət edəsiniz. Oğru, talançı kimi bütün dünyanın həqarət hədəfi ola-ola.
Bu ölkə islahatlar keçirməklə normal, stabil inkişaf yoluna qədəm qoya bılər. Ölkə çıxışı müşkül olan uzunmüddətli xaosa da yuvarlana bilər. Hər ikisinin mənbəyi sizsiz. Ya bu xalqdan, bu millətdən olduğunuzu sübut edib normal seçki keçirəcək, sonra da gedib bacardığınız işin qulpundan yapışacaqsız, ya da…
Bu artıq “siz-biz” olmaq müstəvisindən çıxıb. Bu artıq xalqın, millətin taleyi müstəvisidir.
Bunu sadəcə dərk edəcək qədər ağlınızın olması arzusu ilə.
Oxunub: 1000