“The Guardian” yazdığına görə , ABŞ nüvə qüvvələrinin komandanı olan general deyib ki, o prezident Donald Trump-ın hər hansı “qanunsuz” nüvə zərbəsinə dair əmrinə itaətsizlik göstərəcək.
ABŞ Staretji Komandanlığının (Stratcom) komandanı, hərbi hava qüvvələri generalı John Hyten Kanadanın Nova Scotia şəhərində keçirilən Halifax beynəlxalq təhlükəsizlik forumunda bildirib ki, o belə bir əmr alacağı təqdirdə nə edəcəyi barədə çox düşünüb.
“Məncə bəzi adamlar düşünürlər ki, biz axmağıq, – Hyten deyib, – Amma biz axmaq adamlar deyilik axı. Biz bu şeylər haqqında çox düşünürük. Əgər sən bu qədər məsuliyyət daşıyırsansa, belə şeyləri necə düşünməyə bilərsən?”
ABŞ-ın nüvə cəbbəxanasına rəhbərlik edən Hyten belə bir əmrin verilməsi ilə bağlı proseduru izah edib.
O deyib ki, Stratcom-un rəhbəri kimi “mən prezidentə məsləhət verirəm, o isə bunun əsasında nə etmək lazım olduğu barədə qərar qəbul edir”.
“Və təsəvvür edin ki, belə bir əmr qanunsuz olduğu halda nə baş verəcək. Mən deyəcəyəm ki, “cənab prezident, bu qanunsuzluqdur”. İndi təsəvvür edin ki, o nə deyəcək? O deyəcək ki, “necə etsək bu iş qanuni olar?” Bundan sonra biz bir neçə variantın qarışığı barədə razılığa gələ bilərik. Bu belə olmalıdır. Əslində burda elə bir mürəkkəb şey yoxdur” – deyib general
Hyten bildirib ki, əmrin qanunsuz olduğu hallarda buna necə reaksiya vermək barədə praktik qaydalar var: “Əgər sən qanunsuz əmri yerinə yetirsən, həbsxanaya göndərilə bilərsən. Həm də bu ömürlük ola bilər”.
“The Guardian” yazır ki, Pentaqon Hyten-ın qeydləri barədə şərh verməyib.
Bundan əvvəl həm demokrat, həm də respublikaçı senatorlar Trump-ın müharibəyə başlamaq səlahiyyətləri, nüvə silahlarından istifadə etmək və beynəlxalq sazişləri ləğv etmək hüquqları barədə məsələ qaldırırdılar. Bu sualların ortaya çıxmasına səbəb Şimali Koreya ilə bağlı yaranmış böhrandır.
Trump Şimali Koreyanın lideri Kim-lə dəfələrlə təhdid və təhqir mübadiləsində olub və özünün BMT-dıki ilk nitqində lazım gələrsə, 26 milyon əhalisi olan bir ölkəni tamamilə darmadağın edə biləcəyəini deyib.
Bəzi senatorlar prezidentin nüvə silahları sahəsindəki səlahiyyətlərini müəyyən edən qanunvercilik aktının olmasını istəyirlər və ötən həftə Senat komitəsi son qırx ildə ilk dəfə olaraq prezidentin nüvə zərbəsi endirmək səlahiyyətinə dair dinləmə keçirib.
Oxunub: 632