Ölkə idarəçiliyi siyasi baxımdan öz mütərəqqi mahiyyətini, mütərəqqi əhəmiyyətini itirərək ailə-qohum və dostlardan ibarət ictimai bir müəssisəyə dönmüşdür. Sanki Azərbaycan xalqı bu iqtidarın maddi imkanlarını artırmaq, genişləndirmək üçün bir vasitədir. Xalq ölkəsinin əsil sahibinə çevrilməkdənsə, əvəzində, hakimiyyət Xalqın və ölkənin “yiyəsinə” çevrilib.
Bu gün vətəndaşlar Dövlət və cəmiyyət qarşısında yox, iqtidarın bərqərarlığı, ömürlülüyü üçun məsuliyyət daşıyırlar. Nəticə etibarı ilə İctimai həyatda ölkə, dövlət kimi fövqəl anlayışlar öz mənasını,gərəkliliyini çoxdan itirib. Dediyim kimi İqtidarın səbatsızlığı insanları bütünlüklə özündən asılı hala salmaq, itaətkar dərəcəyə qədər endirmək siyasətsizliyi aparmasındadı. Bu komanda hələ də başa düşmür ki, O, Konstitusiyadan, Qanundan üstün ola bilməz. Belə düşüncə yerində olmayanlara məxsus uğursuz düşüncədir. Maraqlıdır, yerində olmayan məmurların şəxsi firavanlığı naminə nə üçün Xalq özünün sabahından, xoşbəxt həyatından imtina etməlidir?
Bu gün ictimai-siyasi münasibətlərdə cəmiyyətlə hakimiyyət arasında bir bərabərsizlik mövcuddur. Bu bərabərsizlik ölkədə bütün dəyərləri məhv edir, öldürür. İctimaiyyətimiz bir həqiqəti də başa düşsün. Yarıtmaz hakimiyyət tərəfindən Azərbaycan Respublikası müdafiəsizdir, dövləti qorumaq gücündə deyil.
Xalqın nifrət “ oxları “ qanunları tanımayanlara qarşı uçmaqdadır. Nə qədər ki, bu nifrət “oxları” onları tapmayıb, iqtidardan getmələri tam ədalətli olardı. Mübaliğəsiz deyim ki, bu gün quru çörəyini güclə qazanan vətəndaş ölkədə milyonlrara sahib olanlardan daha güclüdür. Pul kimdədirsə, onun gücünü alır. Bu, bir həqiqətdir.İqtidar isə bunu unutdu. Əvəzində, gücsüzlük, zəiflik qazandı. Puluna, “gücünə” görə məmurları mədh edənlər, tərəf saxlayanlar, bilirsinizmi, Azərbaycan insanını bir yolluq, bir dəfəlik itirirsiniz ? Məmur “cənablar”, vətəndaşlara sadəcə, işsizdi deyib keçmən.
O sözün dərin qatlarına enməyi bacarın. İşsiz- əmək haqqısı olmayan Vətəndaş deməkdir.Əmək- Vətəndaşın insanlıq güzgüsüdür. Bu güzgüylə insanlar özlərini təkmilləşdirirlər. Əməksizlik bu güzgünün sındırılmasıdır. Güzgü qırılmasının nə demək olduğunu bilsəniz, boğazınızdan nə bir tikə çörək, nə də bir qurtum su keçməzdi.
Təəssüf ki, xeyli illər itirdik. Nəticədə, bu komanda özündə ümummill xarakter daşıya bilmədi. Ümum Azərbaycan səviyyəsində boy artımı olmadı, heç ərazi bütövlüyü də bərpa edilmədi. Qoy heç kəs məni qınamasın, Vətən, Xalq, Ölkə küçələrə, məhəllələrə, dalanlara sığıb. Bunu Respublikamızın varlığına təhlükə olan qüvvələr, eləcə də dostlarımız bilir, bəs biz niyə bilməyək ?
Bu hakimiyyətə yox demək Azərbaycan insanı üçün vaxtı çatmış məsələdir.
Oxunub: 188