Nemət Əliyev, iqtisadçı ekspert
Xarici ölkələrlə benzin ticarəti də iflas edib. Bu hazır neftayırma məhsulunun xaricə satışı sahəsində fəaliyyət sönmək üzrədir. Xam neftin ixrac həcminin azalmasının səbəbləri aydındır: həm hasilat həcmi azalıb, həm də qiymətlər düşüb. Bəs Azərbaycanda istehsal olunan benzinə xaricilərin marağı niyə ölüb, niyə alan yoxdur bu benzini, axı nə səbəbə Dövlət Neft Şirkəti xaricə benzin sata bilmir? Neft Şirkətinin rəhbərliyi, aidiyyatı olanlar bu suallara aydınlıq gətirməlidir… Kim bilir, bəlkə də oradakı ticarətdə itirdiklərini kompensasiya etmək üçün buradakı ticarətdə qiymətləri qaldırırlar… Alverlə məşğul olanlar bunun nə demək olmasını, necə təşkil edilməsinin yollarını daha yaxşı anlayarlar…
İndi isə rəsmi məlumatlara diqqət edək. Xaricə benzin satışı 2012-ci ildə 60,1 min ton, 2013-ci ildə 24,6 min ton,
2014-cü ildə 13,4 min ton, 2015-ci ildə 4,7 min ton,
2016-cı ildə isə 4,5 min ton olub. Rəqəmlər göstərir ki, 2012-ci ildən sonra benzinin illik ixrac dövriyyəsi xroniki şəkildə azalmağa başlayıb və 2017-ci ilə qədər 13,4 dəfə düşərək 4,5 min tona enib. Benzinin ixracından gəlirlər isə bu dövrdə 30 dəfədən çox azalaraq 2 milyon dollara düşüb. Bir sözlə, tamamilə iflas edib bu sahədəki fəaliyyət.
Daha bir diqqət çəkən məsələ ondan ibarətdir ki, son 3 ildə xaricə üst-üstə 22,6 min ton benzin satılsa da, xaricdən 320,4 min ton benzin satın alınıb və ölkəyə gətirilib. Başqa sözlə, natura ifadəsində benzin idxalı benzin ixracını 14 dəfədən çox üstələyib. Əgər idxal olunan benzinin ixrac etdiyimiz benzindən baha olmasını da nəzərə alsaq, aradakı məsafənin, fərqin daha böyük olması üzə çıxar. Odur ki, hələ yalnız benzinin xarici ticarətində 10 milyonlarla valyuta itkisinə yol verilir. Sual yaranır ki, idxalı əvəz edən məhsulların ölkə daxilində istehsalının təşkil olunması istiqamətində dövlət başçısının çağırışları axı niyə ARDNŞ üçün keçərli olmamalıdır?! Axı nə səbəbə dövlət Neft Şirkəti bu istiqamətdə fəaliyyət göstərmir və ya fəaliyyət göstərmək istəməyib? Yox əgər, doğrudan da, əli pulla oynayan bir təşkilat onun üçün çox da miqyaslı sayılmayan bu vəzifənin yerinə yetirilməsində çətinlik çəkirsə, o zaman bunu başqalarından gözləməyə heç dəyməz.
Qeyd edək ki, yüksək keyfiyyətli benzinin ölkədaxilində istehsalının təşkil olunması həm benzinin bahalaşdırılması istiqamətində ortaya atılan bir sıra bəhanələrin sıradan çıxmasına, həm də benzinin ixracı sahəsində mövcud problemlərin həll olunmasına yol aça bilər.
Oxunub: 670