Həbib Axundovun məhkəməyə çəkdiyi şəxsləri öldürməklə hədələyən kimdir?
“Ağrıdır? Çətindir? Amma sən gül, çünki sağsan. Hələ ki, sağsan – hər şey qarşıdadır” – bu hədə mətni deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adı keçən dələduzluq işindəki zərərçəkənlərə – Sabir Ağayev, Fərman Məmmədov, Ramil Bəkirov və Zaur Səfərova göndərilib. Hədə mesajı sifətində döyülmə izləri, ağzından qan axdığı görünən birinin fotosuna əlavə edilərək, “facebook” sosial şəbəkəsi üzərindən göndərilib. Göndərilən ünvan isə Elvin Vəliyevin facebook hesabı olub. Zərərçəkənlər əvvəlcə nə baş verdiyini anlamayıblar. Çünki hədə mesajı Elvin Vəliyevdən – illərdir onlarla çiyin-çiyinə hüquq-mühafizə orqanlarına şikayətlər edən başqa bir zərərçəkmişdən gəlib.
Məsələ aydınlaşdırılarkən isə çox ilginc bir kibercinayət üzə çıxıb. Məlum olub ki, 13 noyabr 2017-ci ildə Elvin Vəliyevin “facebook” hesabı oğurlanıb və həmin hesab üzərindən onun zərərçəkən dostlarına belə bir hədələyici mesaj göndərilib. Elvin Vəliyev də daxil olmaqla digər zərərçəkənlər – Sabir Ağayev, Fərman Məmmədov, Ramil Bəkirov və Zaur Səfərov kibercinayətin açılması, törədən şəxsin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi üçün Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova və Dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə rəsmi şəkildə müraciət ediblər.
E.Vəliyevin özünün də ayrıca müraciəti olub. O, müraciətində yazır ki, Bakı Şəhər Baş Polis İdarəsində istintaq olunan dələduzluq cinayəti işi üzrə zərərçəkmiş qismində tanınıb. Şəxsi “facebook” səhifəsində bununla bağlı bəzi paylaşmalar edib. Eyni zamanda, 2017-ci ilin iyun ayında Xəzər dənizində boğulan model Mirzəyeva Günel Rəşid qızının ölümü barədə gedən məlumatlarla əlaqəli də bir neçə yazı paylaşıb: “13 noyabrda “facebook” səhifəmə kiber hücum edilib. Mənə məxsus olan profili qanunsuz olaraq əldə edən şəxs və yaxud şəxslər tərəfindən digərlərinə hədə-qorxu məzmunlu şəkil göndərilib. Eyni zamanda, mənə məxsus olan bütün məlumat və paylaşmalar məhv edilib. Hazırda istifadə etdiyim profilə daxil ola bilmirəm və bildirmək istəyirəm ki, həmin profildən yayılan məlumatlara görə heç bir məsuliyyət daşımıram.
Xahiş edirəm ki, mənim istifadəmdə olan facebook səhifəmə qanunsuz daxil olaraq mənə məxsus şəkilləri və digər mühüm əhəmiyyət kəsb edən məlumatları ələ keçirərək məhv edən şəxs və yaxud şəxslərin müəyyən edilərək, onların cinayət məsuliyyətinə cəlb olunması barədə göstəriş verəsiniz”.
Yada salaq ki, E.Vəliyev də daxil, onun “facebook” hesabı üzərindən hədə mesajı alan şəxslər deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən iş üzrə zərərçəkənlərdir.
Məsələnin mahiyyəti budur ki, H.Axundov və onun şəriki, ailə dostu Elnur Rauf oğlu İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar. Ümumilikdə 8 milyon manat pul toplanıb. Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend veriləcək. Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər. Bundan sonra vətəndaşlar H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb. Məsələyə deputat Elmira Axundova qarışıb. Vətəndaşlara vəd olunub ki, məsələ həllini tapacaq. Bundan 3 gün sonra – 9 sentyabr 2013-cü ildə Elnur İbrahimov ölkədən qaçırılıb. Onun barəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci(etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb, 4 ildir ki, istntaq nəticəsizdir.
Hazırda deputat Elmira Axundovanın oğlu Həbib Axundov da iş üzrə zərərçəkən kimi tanınıb. Lakin onun da, digər zərərçəkənlər kimi hədə mesajı alması haqda məlumat yoxdur.
Zərərçəkənlərin E.Vəliyevin facebook hesabının kim tərəfindən kiber hucuma məruz qoyulması haqda bəzi ehtimalları var. Hələ ki, şübhələrinin kimdən olmasını ictimiləşdirməyə tələsmirlər. Ümid edirlər ki, hüquq-mühafizə orqanları bu kiber-cinayətin üstünü qısa müddətdə açacaqlar.
Maraqlıdır, niyə sosial şəbəkə üzərindən hədələnənlərin dairəsi deputat oğlunun dostu Elnur İbrahimovun həbsini tələb edən zərərçəkənlərlə məhdudlaşır?
Onu da qeyd edək ki, zərərçəkmişlər Elnur İbrahimovla yanaşı, həm də Həbib Axundovu ittiham edirlər. Bildirilər ki, onlardan pulun bir hissəsini deputat oğlu alıb.
Başqa bir ilginc məqam isə bundan ibarətdir ki, Həbib Axundov özü də dostu haqqındakı cinayət işində zərərçəkmiş qismində tanınıb. Amma o, Elnur İbrahimovdn daha çox digər zərərçəkmişlərə qarşı mübarizə aparır. Deputat və oğlu həmin zərərçəkmişləri məhkəməyə verir, onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Dənizdə boğulan model Günel Mirzəyevanın ölümü ilə əlaqədar da deputat oğlunun adı hallanır. Məsələ burasındadır ki, mərhum Mirzəyeva dənizdə boğulduğu gün onlar birlikdə olublar. Bunu Axundovun özü də təsdiqləyir. Bundan əlavə, Günel Mirzəyevanın yıxıldığı iddia olunan yaxta da Həbib Axundova məxsus olub. Bunu təsdiqləyən sənədlər ortaya qoyulub.
Azadliq.info
Oxunub: 396