Milli Şuranın sədri Cəmil Həsənli Zimbabve xalqının 37 ilin diktatoru Muqabeni istefaya məcbur etməsi ilə bağlı fikirlərini özünün Facebook səhifəsində bölüşüb.
“Muqabe getdi. Sağ əli getməyən diktatorların başına. O, bu gün istefasını imzaladı və Zimbabve xalqı onun gedişin bayram edir. 37 ilin qos-qoca diktatoru siyasi böhran başlayandan sonra 37 gün də davam gətirə bilmədi. O, dünyanın ən yaşılı diktatoru idi. Getməsinin səbəbi konstitusiyanı dəyişib hakimiyyəti arvadını ötürmək cəhdi idi. Zimbabvelilər bu həqarətə dözmədilər. Zimbabvenin YAP-ı bunu duyunca onu sıralarından xaric etdi. Bununla da Muqabenin dayaqları sarsıldı. Diktatorların çoxu ayaqları çöpdən olan nəhənglər kimidir. Otuz – qırx ilin diktatorları bir həftə ərzində çökə bilirlər. Partiya, xalq, ordu onu hakimiyyətdən kənarlaşdırdı. Bir vaxtlar elə həmin partiya, həmin xalq, həmin ordu partizan müharibəsi əzabından keçib demokratiya qurmaq məramı ilə onu hakimiyyətə gətirmişdi. Əvəzində Muqabe dünyanın ən qəddar diktaturalarından birini qurdu və qurduğu tiraniyanın da qurbanı oldu.
O, Zimbabveni Afrikanın iqtisadi cəhətdən ən inkişaf etmiş Rodeziya Demokratik Respublikasının içərisindən çıxarıb ölkəni səfalət həddinə gətirib çıxardı. Əməllərinə görə dünyanın ən yaramaz tiranı titulu almışdı. Və son bir həftə ərzində özünə, arvadı Qreys xanıma və 37 il ərzində taladığı sərvətinə təminat istəyirdi. Bu təminatı ona vermədilər.
O, “ağların” korrupsiyasına qarşı mübarizə müstəvisində hakimiyyətə gəlmişdi, lakin qara kontinentin ən “qara” korrupsionerinə çevrildi. Onun dövründə ölkənin milli valyutası nə az, nə çox 230 milyon faizdən çox qiymətdən düşdü. Müqabe idarəçiliyinin son illərində Zimbabvedə pul əskinasları divar kağızından ucuz olduğu üçün adamlar evlərinin divarlarına oboy əvəzinə pul vururdular.
93 yaşlı Muqabe arvadı Quççi Qreysin badına getdi. Qreys ailə hakimiyyətinin anonsunu vermişdi. 1996-cı ilin gəlini olan Qreys bir az bədxərclik edibmiş. Hələ 2003-cü ildə, Muqabenin “gənclik” illərində bu təzə gəlin Parisdə kiçik bir şopinqə 120 min dollar ödəniş edib. Sən demə Qreys Zimbabve xalqının anasını ağladıb ana vətəni olan Cənubi Afrika Respublikasında ayı 15 min dolara kirayə mənzil tutubmuş. Cəmi-cümlətanı!?
Bir vaxtlar adi kənd müəllimi olan Robert Muqabenin ölkəsində qaraların kommunizmini qurmaq cəhdləri qara tiranlığa gətirib çıxardı.
Bu gün günortadan sonra Azərbaycan radiosu Muqabenin istefa ərizəsini elan etdikdən sonra “İlhamlı günlərimiz” mahnısını efirə verdi”.
Oxunub: 214