Dostlar, 28 oktyabr mitinqində hamımız birlikdə İlham Əliyev hakimiyyətinə çox ciddi suallar ünvanlayacağıq. Bilirsiniz ki, Azərbaycan hakimiyyəti yalnız Azəri-Günəşli-Çıraq neft yatağından 306 milyard manatlıq neft satıb. Neft pulları əsasən korrupsiya yolu ilə talan və israf olunub, az bir qismi də gözə kül üfürmək üçün təmir-tikinti işlərinə və digər səmərəsiz layihlərə xәrclәnib. Bütün bu illər ərzində hakimiyyət təbliğatı Azərbaycan iqtisadiyyatının analoqsuz inkişafından, Ermənistanın isə “acından ölməsindən”, dəhşətli yoxsulluq içində yaşamasından bəhs edib. Ancaq hazırkı rəsmi rəqəmlər bütün bunların yalan olduğunu ortaya qoyur. Azərbaycanda sosial-iqtisadi böhranın dərinləşdiyi son 3 il ərzində ölkə televiziyaları Azərbaycanda qeyri-neft sahəsinin ardıcıl inkişafı haqda nağıllarla adamları bezdirib. Bəs həqiqət nədən ibarətdir?
Rəsmi statistik məlumatlara görə, bu ilin 9 ayı ərzində Azərbaycanda qeyri-neft ixracatı 1 milyard dollardan bir az artıq olub. “Acından ölən” Ermənistanda isə bu ilin 9 ayında qeyri-neft (onlarda neft yoxdur) ixracatı bizdən 50% artıq, 1.5 milyard dollardan da bir az çox olub (linklər şərh bölümündə). Təsəvvür edin, bizdən 3 dəfə kiçik olan Ermənistanda qeyri-neft ixracatı bizdən 50 faiz artıqdır. Әgər adambaşı hesablasaq, düşmən dövlətin ixracatı (neftsiz) bizdən 4.5 dəfə artıq olub. Üstəlik, Ermənistanın ixracatında yüksək texnologiya məhsulları 500 milyon dollardan artıqdır. Bəs hanı neftdən əldə olunan 150 milyardın, iqtisadiyyatımıza qoyulan 200 milyard dollarlıq xarici sərmayənin nəticəsi?
28 oktyabr, saat 15:00-da “Məhsul” stadionundakı mitinqə gəlin, hökumətdən bu bacarıqsızlığın və sərhədsiz korrupsiyanın izahatını birlikdə tələb edək! Hökumətdən cavab tələb edək ki, nəyə görə neftlə, qazla zəngin ölkəmizin 4.6 milyon nəfər əmək qabiliyyətli vətəndaşının 70 faizdən çoxunun – 3.1 milyonunun daimi işi yoxdur? Nəyə görə aylıq əmək haqqı alan 1.5 milyon vətəndaşımız Ermənistanda olduğundan da ayda ortalama 100 dollar (170 manat) az maaş alır? Soruşaq ki, İlham Əliyev hakimiyyəti bizi nəyə görə təbii sərvətlərdən, neftdən, qazdan məhrum, yarımblokada vəziyyətində olan, 3 dəfə kiçik düşmənə iqtisadi baxımdan da uduzdurur? Bu suallar sizi də narahat edirsə, mitinq meydanı sizin də yerinizdir.
Oxunub: 524