Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə həmməruzəçiləri Kerstin Lundgren (İsveç) və Titus Corlatean (Rumıniya) Gürcüstana səfərlərindən sonra bəyanat yayıblar.
Onlar noyabrın 20-dən 22-ə kimi Gürcüstanda olublar.
«Turan» agentliyinin xəbərinə görə, həmməruzəçilər bəyanatlarında jurnalist Əfqan Muxtarlının və Azərbaycandan gedib bu ölkəyə sığınan fəalların taleyindən narahatlıqlarını da ifadə ediblər.
Gürcüstan Konstitusiyasına dəyişikliklərə toxunan məruzəçilər ölkənin təhlükəsizlik xidmətinin daha çox tarazlaşdırılan nəzarət sisteminə ehtiyacı olduğunu qeyd ediblər. Belə bir sistemin yaradılması zərurətinə nümunə kimi məruzəçilər Gürcüstanda oğurlandığı iddia olunan jurnalist Ə.Muxtarlının işini göstərirlər. Məruzəçilər Gürcüstan Baş Prokurorluğunu bu işi tam şəkildə araşdırmağa səsləyiblər.
«Hakimiyyət bu olayı tam şəkildə araşdırmalı və vəzifəsindən asılı olmayaraq, bütün təqsirkarları cəzalandırmalıdır. Gürcüstanda Azərbaycan vətəndaşlarının tam təhlükəsizliyi təmin edilməlidir», – deyə bəyanatda qeyd edilir.
Oxunub: 414