Azərbaycan hökuməti hansı sahədə təcrübəyə malikdir?
Azərbaycan hakimiyyəti bir “ənənə” yaradıb və rejimin qazanından qidalananlar bu “ənənə”nin alovlu təbliğatçısına çevriliblər. Bu ənənə yalanla bağlıdır. Artıq yalan danışmaq, tənəzzülü tərəqqi kimi təqdim etmək adi hala çevrilib və kompleks yaratmır. Ölkə daxilində də, ölkə xaricində də sürətli inkişaf nağılları danışırlar. Təbii ki, bu təbliğat nə daxildə, nə də xaricdə özünə yer edə bilmir. Çünki, hamı əmindir ki, qatıq qara rəngdə olmur.
Bugünlərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova Parisdə təşkilatın gender bərabərliyi və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak edib. O vurğulayıb ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsinin davamlılığını təmin etmək məqsədilə “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub. Uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsinə dair hüquqları qanunla təsbit olunub.
Millət vəkili qeyd edib ki, Azərbaycanda uşaqların hüquqlarının mühafizəsi ilə bağlı qanunvericilik bazası “Uşaq hüquqları haqqında” Konvensiya, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsi və digər müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılıb. O, Azərbaycanda uşaqların sağlam böyüməsi və mənəvi inkişafının təmin olunması məqsədilə həyata keçirilən proqram və layihələrdən danışıb.
Bəli, Sahilə Qafarova digər həmkarları kimi Azərbaycandakı uğurlu işlərdən sögbət açıb, uşqlara diqqət və qayğının fontan vurduğunu, gender bərabərliyinin təmin olunduğunu bildirib. Halbuki, Azərbaycanda əhalinin əsas sosial- demoqrafik qrupları üzrə yaşayış minimumunun ölçüsü əmək qabiliyyətli əhali üçün 183 maant, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat təşkil edəcək.
Vətəndaşın qəpik-quruşla sınağa çəkildiyi, qanunların kağız parçasına çevrildiyi, vətəndaşın səsinin saxtalaşdırıldığı ölkədə hansı inkişafdan, azadlıqdan, gender bərabərliyindən danışmaq olar? Vətəndaşa zərrə qədər dəyər verilməyən ölçədə, gender bərabərliyindən danışmaq absurd deyilmi?
Uşaqlara qayğıya gəlincə, Azərbaycan bu sahədə qonşu ölkələrdən də geri qalır. “Uşaqpulu” ləğv olunub, dünyaya uşaq gətirmək 1000-1500 manat vəsait tələb edir, hər il statistik rəqəmlər boşanmaların artdığını və nigaha girənlərin sayının azaldığını göstərir və.s Fakt budur ki, Azərbaycanda yüzlərlə məcburi müalicəyə ehtiyacı olan uşaqlar var. Amma hökumət mənasız yarışlara milyardlar xərclədiyi halda, uşaqların müdafiəsinə diqqət ayırmır. Əgər ölkədə 2.5 milyon kredit bataqlığında çabalayan insan varsa, heç bir sosial müdafiədən, diqqət və qayğıdan danışmaq olmaz. Məmurların milyarderə çevrildiyini, minimumu məkhaqqının 68 dollar olduğunu, hakimiyyətin korrupsiya çempionluğunu, onlarla insanın şərlənərək həbsə atıldığını bütün dünya bilir. Ona görə də beynəlxalq tribunalrdan qulağa xoş gələn fikirlər səsləndirməklə, hökumət özünü daha da gülünc vəziyyətə qoyur.
Bir sözlə, Milli Məclisin deputatı Azərbaycanın gender bərabərliyi sahəsindəki təcrübəsindən deyil, korrupsiya, saxtakarlıq sahəsindəki təcrübəsindən danışsaydı, daha məqsədəuyğun olardı. Çünki, Azərbaycan hökuməti yalnız bu sahə üzrə ixtisaslaşıb.
Samir
Oxunub: 234