“European Tobacco Baku” ASC sıradan çıxa, nemetam iflas edə bilər.
Bu ilin yanvar-oktyabr dövründə vur-tut 748 milyon ədəd papiros və siqaret istehsal olunub. Halbuki, ötən il bu göstərici 1 milyard 428 milyon ədəd, bir əvvəlki ildə isə 1 milyard 674 milyon ədəd olub. İkicə ildə papiros və siqaret istehsalı təxminən 1 milyard ədəd və ya 2,2 dəfə azalıb. Ölkədə papiros və siqaret istehsal edən maşın və avadanlıqların istehsal güclərindən istifadə səviyyəsi 2 dəfədən çox düşüb. Belə demək mümkünsə, bu mal çeşidlərinin əsas istehsalçısı olan “European Tobacco Baku”-nun yarıdan çoxu “işsiz” vəziyyətə düşüb, işləmir.
Bəs belə vəziyyətdə nə etməli: yeni zavodmu tikməli, yoxsa “işsiz” istehsal güclərini işləmi təmin etməli? Bunlardan hansı daha vacib, daha əhəmiyyətlidir?
Əlbəttə, keyfiyyəti təmin etmək naminə istehsal sferasında rəqabət mühiti yaradılmalıdır. Odur ki, “European Tobacco Baku”-nun bu sahədəki monopol fəaliyyətinə son qoyulmalı və azı bir əlavə müəssisənin istehsal sferasına gətirilməsi çox vacibdir. (bir istehsalçı rəqabət mühiti təmin edə bilməz). Bu məsələlərin tənzimlənməsi və təşviq olunmasında hökumətin üzərinə böyük məsuliyyət düşür. Lakin hökumət bu yöndəki fəaliyyəti elə təşviq etməlidir ki, qaş düzəltmək istərkən göz çıxarılmasın. Təəssüf ki, yayılan məlumatlar gözün kor edilmə ehtimalını xeyli yüksəldib.
Belə ki, Sumqayıt şəhərində ildə 7 milyard ədəd siqaret istehsal edəcək yeni zavodun inşa olunması və bu zavodun 7 il müddətində mənfəət, əmlak və torpaq vergilərindən, habelə ƏDV və gömrük rüsumundan (siqaret istehsal edən maşınların, texnoloji avadanlıq və qurğuların idxalında) azad olunması haqqında məlumatlar yayılıb.
Papiros istehsalına dövlət dəstəyinin “Tütünə Qarşı Mübarizə Haqqında Beynəlxalq Konvensiya”nın tələblərinə zidd olması bir yana qalsın, təşviqedici addımların bu qaydada həyata keçirilməsi bu sahədə faktiki fəaliyyət göstərən sahibkarların maraqlarına, ümumiyyətlə, böyük zərbədir. Yeni inşa olunacaq zavod, doğrudan da, fəaliyyətə başladıqdan sonra 7 il müddətində mənfəət, əmlak və torpaq vergilərindən azad olunacaqsa, o zaman gərək “European Tobacco Baku”-ya “əlvida” deyək. Çünki eyni məhsul istehsal edən iki müəssisədən birinin vergilərdən tam azad olunması ikincini qeyri-bərabər vəziyyətə salmaqla böyük fərqlə geri atacaq. Belə güzəştlərdən istifadə edə bilməyən “European Tobacco Baku”-nun qiymət rəqabətinə tab gətirməyərək iflas etməsi, fəaliyyətini dayandırması tam labüddür. Əgər gözlənilən nəticə bundan ibarət olacaqsa, yenə də meydanda tək bir zavod qalacaqsa, keyfiyyət, qiymət sahəsində rəqabət təmin olunmayacaq. Bu halda yeni zavodun inşasına bu qaydada dövlət dəstəyi verməyin heç bir anlamı qalmır. Nə qədər gec deyil, bu mənasız sevdadan əl çəkmək lazımdır.
Belə şəraitdə dövlətin dəstəyi hazırkı zavodun çökməsinin real səbəblərinin araşdırılmasına və həmin səbəblərin aradan qaldırılmasına yönəldilməlidir. Bu səbəblər aradan qalxmayacaqsa, yeni inşa olunacaq zavodu da gec-tez oxşar tale gözləyir. “European Tobacco Baku”nun bu gün yaşadığı acı taledən ibrət götürülməlidir. İstehsalat binalarını “işsiz” maşın və avadanlıqlarla, qurğularla doldurmağın heç kimə faydası yoxdur. Odur ki, ümumi idarəçilikdə, tənzimləmədə buraxılan kobud səhvlər təcili şəkildə düzəldilməlidir.
Oxunub: 78