Avropa ölkələrində siyasi mühacir statusu ilə yaşayıb, Azərbaycan hökumətini tənqid edənlərin burada qalan yaxınları rahat buraxılmır. Bu haqda “Azadliq.info”ya Almaniyada sığınacaq alan Sevinc İsgəndərova məlumat verib.
Onun sözlərinə görə, bir müddət öncə Almanoyanın Bonn şəhərində Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiya keçirilib. BMT-nin Almaniyadakı nümayəndəliyi qarşısında keçirilən aksiyada bu quruma dünyada insan hüquq və azadlıqlarının qorunması məsələsində öz vəsifəsini xatırladılıb, Azərbaycanda insan haqlarının pozulmasına, insanların siyasi motivlərlə şərlənərək həbs olunmamasına biganə qalmamaq tələb olunub.
S.İsgəndərova deyir ki, həmin etiraz aksiyasından sonra orada iştirak edənlərin Azərbaycanda yaşayan yaxınlarına qarşı təzyiqlər başlanıb.
“Bir neçə gündür ki, qardaşımı Beyləqan rayon polis şöbəsindən axtarırlar. Bundan bir müddət öncə həmin aksiyanın digər iştirakçılarından Pərviz Abdullayevin, Azər Kərimovun qardaşına təzyiqlər olub, İsmayıl Əliyevin qaynı həbs olunub. Könül Əmirovanın atası işdən çixarılıb, ona da təzyiq edirlər. Bundan başqa, Ceyhun Əlizadənin qaynını da polisə çağırıb ona xəbərdarlıq ediblər”, – S.İsgəndərova bildirib.
Qeyd edək ki, Azərbaycan hökuməti xaricdə yaşayan tanınmış siyasi mühacirlərdən “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramı və “Turan TV”nin rəhbəri Qənimət Zahidin, “Meydan TV”nin rəhbəri Emin Millinin yaxınları onlarla qohumluqlarına görə həbs olunub.
Azadliq.info
Oxunub: 16