Azərbaycanın kiçik qəsəbəsi Nardaran hələ iki il əvvəl bütün ölkənin dini müxalifətinin mərkəzi hesab edilirdi. Qəsəbədə keçirilən xüsusi əməliyyatdan sonra orada polislər və əsgərlər peyda oldu, bütün divarlara isə nəzarət kameraları yerləşdirildi.
“Yaxşı ki biz, taksi ilə gəlmədik” – deyə mənim yol yoldaşım bildirir və biz avtobusla əsgərlərin nəzarət buraxılış məntəqəsinin yanından keçərək qəsəbə ərazisinə daxil oluruq.
Azərbaycan – unitar ölkədir və burada Nardarandan başqa heç bir ərazidə nəzarət buraxılış məntəqəsi yoxdur.
Nəzarət buraxılış məntəqəsinin yanında video nəzarət kameraları quraşdırılmış qüllə vardır.
Avtobus kameralar olan divarların, daha sonra isə mərkəzdən- İmam Hüseyn meydanının yanından keçir. Burada daha bir qüllə və yanında iki mərtəbəli polis məntəqəsi yerləşir.
Mənim yoldaşım yerli sakin Ədnan (adı onun xahiş ilə dəyişdirilib) danışır ki, Nardaranda bu vəziyyət son iki il ərzində, “o hadisələr” baş verdikdən sonra yaranıb.
“Üsyankar kənd”
Nardaran – daş hasarlarla bölünmüş qədimi birmərtəbəli evlərin üstünlük təşkil etdiyi, dar küçələrin və onların arasında bir neçə qədimi məscidin olduğu yerdi.
Uzaqdan labirintə bənzəyən bu kənd təpələrdən dəniz sahilinə doğru uzanır. Təpənin yoxuşunda, ən gözəgəlimli yerdə isə Nardaran məscidi yerləşir.
Məhz burada, məscidin yanında yeddi nəfər ölümü ilə nəticələnən islam hərəkatları liderlərinin saxlanılması ilə bağı xüsusi əməliyyat keçirilmişdi.
O, zaman Daxili İşlər naziri Ramil Usubov bəyan etmişdi ki, əməliyyat tədbiri qəsəbədə yerləşən və zor gücünə hakimiyyəti devirməyə cəhd edən “silahlı qrup”a qarşı keçirilir.
Hazırki hakimiyyətin islam təşkilatlarına qarşı münasibəti birmənalı deyil. Bir tərəfdən yerli siyasətçilər və məmurlar ölkənin islami dəyərlərə bağlılığını qeyd edirlər.
Digər tərəfdən isə Azərbaycanda son dövrlərdə dəfələrlə məscidlər ya bağlanılıb, ya da sökülüb, islam təşkilatlarının rəhbərləri və fəalları isə həbs ediliblər.
Nardaran – qonşu şəhərətrafı qəsəbələrdən ərazicə kiçikdir, lakin burada İslam ənənələri həmişə güclü olub. Və burada məhşur dini fəallar, eləcə də “Müsəlman birliyi” hərəkatının və İslam partiyasının nümayəndələri yaşayıb.
2015-ci ilin yayından kənd sakinləri öz həmfikirlərinin həbsinə, həmçinin ağır sosial şəraitə etiraz əlaməti olaraq küçələrə çıxmağa başladılar.
Həmin il kommunal xidmət haqları ödənmədiyinə görə, bütün kəndin qaz və işığı kəsilmişdi və bu da narazılığı daha da artırmışdı.
Nəticədə “Müsəlman birliyi” hərəkatının lideri Taleh Bağırov və onun müavini Abbas Hüseynov terror və adam öldürmək ittihamı ilə 20 il azadlıqdan məhrum edildi.
Daha 16 nəfərə isə 17 il həbs cəzası kəsildi.
Bundan sonra həm Nardaranda, həm də bütün ölkədə islam təmayüllü qurumların nümayəndələrinin həbsləri artdı, kənd ətrafında nəzarət-buraxılış məntəqələri peyda oldu.
“FAR center” iqtisadi və siyasi araşdırmalar mərkəzinin direktoru Hikmət Hacızadənin dediyinə görə, xüsusi əməliyyatın keçirilməsinə səbəb təkcə qəsəbənin mərkəzi rəhbərliyə tabe olmaması deyil, həm də başqalarına nümunə olması idi.
“Bu üsyankar bir kənd idi və bu kənd həm də bütün Azərbaycandan olan radikal ruhda müsəlmanları cəlb edən mərkəz idi”, – o deyir.
Etirazın mənbəyi
Nardaran – şəhərətrafı kəndlərdən ən böyüyü deyil. Rəsmi məlumatlara görə, bu kəndin 10 min əhalisi var.
Məsələn, qonşu Maştağa kəndində isə əhalinin sayı bundan 3 dəfə çoxdur.
Lakin məhz Nardaran həmişə dinə qarşı xüsusi münasibətiylə məşhur olub. Kəndlilərin sözlərinə görə, hələ ateist sovet illərində burada köhnə adətlərə riayət edirdilər.
Kənddə bir neçə qədim yer var, o cümlədən bilavasitə Nardaran məscidi də onlardan biridir. Bu məscid Azərbaycanın orta əsrlərə məxsus ən böyük məscididir.
Hələ 1990-cı illərdə bu məscidə minlərlə dindar toplanırdı, o cümlədən digər qəsəbələrdən gələnlər də vardı.
“90-cı illərdə… insanlar dindar idi, balıq tuturdular, kürü hasil edirdilər və pis yaşamırdılar”, – Hikmət Hacızadə deyir.
Bundan başqa, kənd gül yetişdirməklə və bu güllərin Rusiyaya ixrac edilməsiylə tanınırdı.
Qonşu kənd sakinlərinin dediyinə görə, həmin ağır illərdə məhz Nardaran öz qonşularından yaxşı yaşayırdı.
Lakin zamanla istixanaları qızdırmaq baha başa gəldi və onları saxlamaq səmərəsiz oldu. Kənd kasıbladı.
2000-ci illərin əvvəllərində məscidlərin divarları və Nardaranın digər yerləri dini yazılarla örtülməyə başladı.
Hacızadənin sözlərinə görə, yoxsulluq islamın möhkəmlənməsinin və Nardarandakı etiraz qüvvəsinin yeganə səbəbi deyildi.
“Bura sosial və siyasi ədalətsizliyi də əlavə etmək olar. Ehtimal edək ki, yerli seçkilər keçirilir, onlar (yerli sakinlər – BBC) öz adamlarını, nardaranlını qoymaq istəyirlər. Onlara isə yuxarıdan başqa birisini göndərirlər və bu da böyük narazılığa səbəb olur”, – deyə o bildirir.
Həqiqətən, 2002-ci ildə yoxsullaşmış Nardaranda baş verən ilk etirazlara səbəb mərkəzi rəhbərliyin yerli ağsaqqalları kənd rəhbərliyindən kənarlaşdırmaq cəhdləri idi.
Bundan başqa, ekspertin dediyinə görə, dini əhval-ruhiyyənin artması bir çox ölkələri əhatə edən tendensiyadır: “Buradakı problemlər bütün islam dünyasında olduğu kimidir – radikallaşma gedir, hər cür təriqətlər yaranır və onların hamısı bura daxil olmağa, öz təsirini və inancını yaymağa çalışır”.
Ekspertin sözlərinə görə, yoxsulluq, qanunsuzluq və təhsil səviyyəsinin aşağı düşməsi təkcə Nardaranda deyil, həm də bütün ölkədə narazılığa və dindarlığın güclənməsinə səbəb olur.
Hazırkı iqtidar bu prossesi təhlükə kimi qəbul edir.
Bunu rəqəmlər də təsdiqləyir: baxmayaraq ki, ölkənin ənənəvi müxalifət partiyalarının daha çox tərəfdarları var, məhz dini təşkilatlar arasında siyasi məhbuslar daha çoxdur.
Hüquq müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə, bu gün ölkədə 144 siyasi məhbus var və onlardan 81-i dini fəallar və liderlərdir.
Nardaran bu gün
Biz mənim yol yoldaşımla avtobusdan Nardaran məscidinin yanında düşürük.
Bu gün məscidin girişində əsgər və polis dayanıb. Sonuncu dəfə mən burda olan zaman, 3 il əvvəl belə şey yox idi.
Amma o vaxtdan fərqli olaraq indi bura demək olar ki dindarlar gəlmir.
Mənim yoldaşım, gənc tələbə Ədnan özü əvvəllər Nardaranda yaşayıb.
Lakin daha sonra onun ailəsi qonşu Bilgəh qəsəbəsinə köçüb.
Onun sözlərinə görə, boşluq təkcə məscid ətrafında deyil, ümumiyyətlə bütün kənddə hökm sürür: insanlar polislərdə şübhə yaratmamaq üçün küçədə bir yerdə toplaşmamağa çalışırlar.
Məscidin bir neçə on metrliyində evlər arasındakı yolda polis maşını, bir neçə yüz metrdən sonra daha bir maşın dayanıb.
“Bu yerlərdə – Maştağa, Bilgəh, Nardaranda polisin olması qəribədir. Adətən insanlar lazım olanda məsələni özləri həll edirlər”, – Ədnan deyir.
Onun sözlərinə görə, əvvəllər istənilən münaqişəni kəndin ağsaqqalları həll edirdi :
“Atam mənə danışmışdı ki, bir dəfə qan davası olan zaman məhz ağsaqqallar hər iki ailəni danışıqlara çağıraraq buna son qoymuşdurlar”.
O, iki il əvvəl xüsusi əməliyyatlar keçirilən günü nə baş verdiyinə baxmaq üçün atası ilə məscidə getdiyini və yolda qohumlarına rast gəldiyini xatırlayır:
“O, bizə “mərkəzə getməyin” dedi. Biz bilmirdik, bizə maraqlı idi, o isə dedi: “Ora yaxınlaşmayın, orda elə şeylər baş verir ki ….” Orada hansısa telekanalı daşa basmışdırlar, şüşəni sındırmışdılar, hətta nəyisə yandırmışdılar”.
Lakin sonra onlar hərbçiləri və zirehli maşınları gördülər: “Mən heç vaxt belə şey görməmişdim, hər tərəf mühasirəyə alınmışdı. Nardarana istənilən giriş, hətta kiçik bir giriş bağlanmışdı. Kənddəki hər dəlik Kalaşnikov avtomatlı əsgərlərlə mühasirəyə alınmışdı. Ciddi yoxlama vardı”.
Ədnan deyir ki, Nardaranda polis məntəqəsi “həmin hadisələrdən” dərhal sonra tikildi.
Bununla belə, bu gün, iki il sonra kənddə polislər və əsgərlər daha azdır.
Bizi tanımadığımız oğlan çağıraraq kommunal xidmətdən olub olmadığımızı soruşur.
Onun sözlərinə görə, məni onun sayğacının şəklini çəkən zaman görüb. O çox həyəcanlı görünürdü.
Ona jurnalist olduğumu deyirəm. “Jurnalist” sözünü eşidən kimi onun bizə olan marağı tez itir və o tələsik gedir.
Axşamlar digər qəsəbələrdə olduğu kimi burda da qaranlıq olur. Elektrik enerjisinə qənaət edilir. Lakin Nardaran çox “parlaq” dövrləri də görüb.
“Əvvəllər daha işıqlı idi, işığa ümumiyyətlə qənaət etmirdilər. Əgər sayğac yoxdursa, qənaət etmək nəyə lazımdır”, – deyə Ədnan danışır.
İki əvvəl baş verən etirazların səbəblərindən biri də qəsəbədə elektrik enerjisinin kəsilməsi olub.
“Elektrik enerjisini sadə səbəb ucbatından kəsmişdilər. Kommunal nümayəndələri bura gəlmirdilər, bəzilərinin sayğacı yox idi, bəzilərinin sayğacı isə sınıq idi”, Ədnan deyir.
Belə bir sual yaranır. Elektrik nümayəndələrini burdan qovurlarsa, onda elektriklə təchiz etmək nəyə lazımdır? Ədnanın sözlərinə görə, əvvəllər burada kommunal xidmət əməkdaşların qovurdular və hətta döyürdülər.
Ədnan deyir ki, keçirilən xüsusi əməliyyatlardan sonra kommunal xidmət əməkdaşları sayğacları qoymağa polislə gəlirdilər.
Əvvəllər Nardaran məscidi və İmam Hüseyn meydanı yanındakı divarlarda dini məzmunlu yazılara rast gəlmək olurdu.
Artıq çoxdandır ki, bu yazılar yoxdur, bəzi yerlərdə yazılar boya ilə rənglənib, bəzi yerlərdə isə yeni divarlar tikilib.
“Kiməsə bu qəribə görünə bilər, hətta mən bir ateist kimi onu deyə bilərəm ki bunda bir gözəllik vardı. İndi Nardarana daxil olan zaman sanki o Maştağa ilə dəniz arasında bir əlaqədir. Nardaran çox darıxdırıcı olub, öz kimliyini itirib”.
Hazırda İmam Hüseyn meydanında təkcə yeni polis məntəqəsi deyil, yol boyu divarlar da tikilib.
Bu cür divarlar digər qəsəbələrdə çoxdan vardı.
Divarlar köhnə kənd evlərini mərkəzi yolla keçənlərin gözündən yayındırır.
Mərkəzi rəhbərliyin qələbəsindən sonra həmçinin meydan da genişləndirilib.
“Təkcə islam barədə deyil, vətənpərvər şüarları da vardı. Hamısını yığışdırıblar. Hüseyn adına meydan yenidən tikilib, hazırda bura günbəzli və 360 dərəcə fırlanan kameralı bir yerdir”, – Ədnan deyir.
Son illərdə Bakının ətraf kəndləri demək olar ki bir-birilə qarışıb. Lakin, bütün yenidənqurmalara baxmayaraq, Nardaranla onun qonşuları arasında əvvəlki kimi fərq görünür.
Biz şəhərə qonşu Maştağa kəndi tərəfindən qayıdırıq.
Burada köhnə bir mərtəbəli evlər arasında yeni iki-üç mərtəbəli evlər görünür, böyük mağazalara da rast gəlmək olur.
“Nardaran həmişə başqa cür olub və o hətta indi də belədir. Burada həmişə yerli sakinlər – eyni və kiçik gəliri olan insanlar yaşayıb. Ətrafda olanlar isə çox zaman şəhərdən gələnlər və bağ adamlarıdır. Onların çoxu bir-birini tanımır. Nardaran isə böyük, kasıb ailəyə bənzəyir”. (BBC Azərbaycanca)
Oxunub: 986