Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir ki, dünya üzrə həbsdə olan jurnalistlərin sayı yeni bir rekord vurub. Qurumun mövqeyincə, bu, “beynəlxalq ictimaiyyətin mətbuat azadlığı sahəsində qlobal böhranı həll edə bilməməsinin” göstəricisidir.
Dekabrın 12-də yaydığı illik siyahıda CPJ dünya üzrə 262 jurnalistin işinə görə həbsdə olduğunu qeyd edir. Ötən ilki rekord 259 nəfər idi.
Bu siyahıya yalnız bu il dekabrın 1-dək həbsdə olan jurnalistlərin adları salınıb, yəni ilboyu həbs edilib buraxılanlar, itkin düşənlər, yaxud qeyri-dövlət qruplarının əlinə keçmiş qələm sahibləri buraya aid deyil.
3 ÖLKƏDƏ 134 JURNALİST HƏBSDƏDİR
CPJ artıq ikinci ildir bildirir ki, peşəsinə görə həbs olunmuş jurnalistlərin yarıdan çoxu, yəni 134 nəfəri Türkiyə, Çin və Misirdədir.
Qurumun bildirməsinə görə, Birləşmiş Ştatlar və digər Qərb dövlətləri bu ölkələrin rəhbərlərinə təzyiq göstərərək mətbuat azadlığının durumunu düzəltmələrinə nail ola bilməyiblər.
“Avtoritar davranışlarına görə repressiv ölkələri təcrid etmək yerinə, Birləşmiş Ştatlar özəlliklə də, Türkiyə prezidenti Recep Tayyip Erdogan, Çin prezidenti Xi Jinping-lə yaxınlaşmağa başlayıb”, – qurum bildirir.
CPJ qeyd edir ki, Türkiyədə ötən ilin iyulunda uğursuz çevriliş cəhdindən sonra mətbuata təzyiq güclənib. Sonucda bu ölkə artıq ikinci ildir dünyada jurnalistlərin ən çox həbsdə olduğu ölkə sayılır – 73 jurnalist dəmir barmaqlıqlar arxasındadır.
AZƏRBAYCAN
Azərbaycan da ən çox jurnalistin həbs olunduğu ölkələr sırasındadır, hazırda bu ölkədə 10 jurnalistin həbs çəkdiyi bildirilir.
Ancaq hakimiyyət təmsilçiləri ölkədə heç bir jurnalistin peşəsinə görə cəzalandırılmadığını vurğulayır.
İran və Rusiyanın hər birində 5, Özbəkistanda dörd, Qazaxıstanda iki, Ukrayna, Türkmənistan və Qırğızıstanın hərəsində bir jurnalist həbsdədir.
CPJ qeyd edir ki, jurnalistlərin təxminən 75 faizi dövlət əleyhinə ittihamlarla saxlanıb, çoxu “geniş və qarışıq terror qanunları” ilə ittiham olunur.
Dünya üzrə həbsdə olan 35 jurnalistə isə ittihamlar ictimaiyyətə açıqlanmayıb.
Oxunub: 108