AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı məhkəmədə indiki mərhələdə ifadə verməkdən imtina edib. Dekabrın 13-də Qazax Rayon Məhkəməsində onun işinə baxılarkən deyib ki, özünü təqsirli bilmir, ona görə də şahidlər dindiriləndən sonra ifadəsini verəcək.
Məhkəmə başlanandan öncə bir qədər gərginlik yaşanıb. Bakı və ətraf rayonlardan məhkəməyə gələnlərin məhkəmə zalına buraxılmasına əngəl yaradılıb. Zalda yalnız 25 yer olduğu bildirilib. İştirakçılar zala daxil olarkən 10 nəfərə yaxın şəxsin zalda yerləşdirildiyinin şahidi olublar. Gözəl xanıma dəstək üçün məhkəməyə gələnlərin üst-başları ciddi yoxlanıldığı halda həmin şəxslər zalda telofonla əyləşiblər. Buna etiraz edənlərə isə məhkəmə icra məmurları “belə məsləhətdir” deyiblər.
Məhkəmə başlananda Vəkil Elçin Sadıqov vəsatət qaldıraraq deyib ki, hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti yaydığı bəyanatda G.Bayramlının təqsirsizlik prezumpsiyası hüququnu pozub. Müdafiəçi həmin bəyanatın cinayət işinin materiallarına əlavə edilməsi və sənədlərin tədqiqi mərhələsində araşdırılmasını istəyib. Vəsatət təmin olunub.
Bundan öncə prokuror Vasif Səlimov ittiham aktını elan edib. İttihamda yazılıb ki, mayın 25-də Gürcüstandan qayıdan Gözəl Bayramlı Qazaxdakı “Şıxlı” sərhəd nəzarəti məntəqəsini keçəndə çantasından bəyan edilməmiş 12 min dollar pul tapılıb.
“Mənim həbsim siyasidir, “Bandotdel”də edilən hədələrin davamıdır”
Hakim Gözəl Bayramlıdan elan olunmuş ittihamı qəbul edib-etmədiyini soruşub. Siyasətçi xanım belə cavab verib: “Mən özümü qətiyyən təqsirli bilmirəm. Bu həbs birmənalı şəkildə mənim siyasi fəaliyyətim, o cümlədən AXCP sədrinin müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olmağım, daim hakimiyyəti, onların korrupsiya əməllərini tənqid etməyimlə bağlıdır”.
G.Bayramlı məhkəmədə indiki mərhələdə ifadə verməkdən imtina etdiyini desə də, Gürcüstana səfərinin məqsədi haqda qısa danışıb. Söyləyib ki, son illərdə dəfələrlə müayinə və müalicə məqsədi ilə qonşu ölkəyə səfər edib, orada cərrahiyyə əməliyyatı keçirib.
“Mən həbs olunacağım haqda əvvəlcədən məlumatlı idim. Hələ 2016-cı ilin oktyabrında məni “bandotdel”ə (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.) çağıranda orada hədə-qorxu gəldilər, xəbərdarlıq elədilər ki, həbs oluna bilərəm. Bu hadisə də həmin xəbərdarlığın davamı idi…”, – G.Bayramlının sözləridir.
“Özünü narahat aparırdı, ona görə şübhələndik”
Ardınca şahidlər dindirilib. Məhkəmədə ifadə verən şahidlərin əksəriyyəti sərhədçilər, gömrük əməkdaşları olub. Gömrük-keçid məntəqəsində baş inspektor vəzifəsində işləyən Anar Hüseynəliyev deyib ki, gizir Elmar Yusifov şəxsiyyəti təsdiq edən sənədləri yoxlayanda G.Bayramlıdan şübhələnib. O, bildirib ki, Gözəl Bayramlı özünü narahat aparırdı, ondan şübhələndik. Buna görə də o, nəzarətə götürülüb, əşyaları monitordan keçirilərək yoxlanılıb. Şahidin iddiasına görə, həmin vaxt çantadan 12 min dollar tapılıb.
Şahid Elmar Yusifov da eyni məzmunlu ifadə verib. Hər iki sərhədçiyə zamanı ziddiyətli məqamlara aydınlıq gətirilməsi məqsədi ilə suallar verilib. Pulların sayılması, hal şahidlərinin dəvət olunması, onlara hüquqlarının izah edilməsini bildirsələr də sonradan ifadə vermiş şahidlərin ifadələri zamanı ziddiyyətlər yaranıb.
“Şıxlı”da qeyri-rəsmi xadimə işlədiyini deyən Aidə Əhmədovanın adı isə hal şahidi kimi keçir. O, ifadəsin də qızını Gürçüstandan qarşılamaq üçün gəliş xəttinə keçdiyini bildirib. Gözəl Bayramlının saxlandığını gördüyünü bildirib. Əşyalarının yoxlanması zamanı onu çağırıb şahidlik etməsini istəyiblər: “Gördüm ki, çantadan 12 min ABŞ dolları pul çıxdı”.
Azərbaycan-Gürcüstan sərhədindəki neytral zonada çay satdığını deyən Atlas Əmirxanova da hal şahidi qismində tanınıb. Deyir ki, hər gün səhər sərhədi keçir, axşam saatlarında geri qayıdır. Onun sözlərinə görə, hadisə günü qayıdarkən G.Bayramlı onun qarşısında gedirmiş:
“Məndən irəlidə idi. Çatanda onu yoxladılar. Sonra məlum oldu ki, çantasında pul var”.
Adı hal şahidi kimi keçən Aidə Əhmədova və Atlas Əmirxanova onlara heçnə izah olunmadığını bildiriblər. Onların şahid və ya hal şahidi olması barədə suallar da cavabsız qalıb.
Gömrük keçid məntəqəsində skanlaşdırma üzrə inspektor işləyən Əlidə əzizova da sərhədçilərin ifadələrinə oxşar ifadə verib. Müdafiə tərəfinin suallarına cavab verməkdə çətinlik çəkib.
Gömrük Gömrük İdarəsinin “baytar” həkimi kimi fəaliyyət göstərən Əliyev adlı şahid isə gözü ilə heçnə görmədiyini deyib. “Mən şəbəkədə idim eşitdim, bir xanımın çantasından pul tapılıb. Mən pulları görməmişəm”,-deyə şahid bildirib.
Həmin vaxt G.Bayramlı ilə birlikdə qayıdan Almaz Rəhimova da məhkəmədə dindirilib. O bildirib ki, G.Bayramlı ilə bundan öncə də müayinə və müalicə üçün Gürcüstana gedib-qayıdıblar: “Bu səfərimiz də növbəti dəfə müayinə olunmaq üçün idi. Qayıdanda biz sərhədi keçərkən kompüterlər dayandı. Səbəbini soruşanda dedilər ki, sistem donub. Təxminən 10-15 dəqiqə bizi belə yubatdılar. Sonra biz Gözəl xanımla ayrı-ayrılıqda pasport nəzarət-buraxılışdan keçirdik. Mən keçib çıxdım, bir neçə saniyə sonra baxdım ki, Gözəl xanım yoxdur. Düşündüm ki, bəlkə o, artıq çıxıb. Axtardım, tapa bilməyəndə anladım ki, içəridədir. Onda artıq məntəqənin qapılarını bağlamışdılar. Şüşələrdəki qara örtüyün bir hissəsi cırılmışdı, oradan baxanda gördüm ki, onun əşyalarını töküblər”.
Gözəl Bayramlıya telefonla danışığa şərait yaratdığı üçün təhqiqatçı danlanıb
Şahid deyir ki, G.Bayramlının çantasında dörd cüt ayaqqabı olub. Onu da Gürcüstanda “hər ayaqqabıya biri də pulsuz” aksiyası ilə alıblar.
A.Rəhimovanın sözlərinə görə, yalnız səhər açılandan sonra ona məlumat verilib ki, G.Bayramlını Şəmkirə aparıblar: “Şəmkirə getdim, orada da dedilər ki, artıq Bakıya aparıblar”.
Şəmkir Sərhəd Dəstəsinin təhqiqatçısı Allahverdi Məmmədov da məhkəmədə şahid kimi ifadə verib. Deyib ki, ona belə bir hadisə olduğunu deyib, “Şıxlı”ya çağırıblar: “Dedilər ki, pul tapılıb. Aktlaşdırdıq. Sonra bütün protokollar Bakıya göndərildi”.
Şahidin sözlərinə görə, G.Bayramlı protokolları imzalamaqdan imtina edib, şəxsi vəkilini tələb edib. Bundan sonra ona yaxınları ilə əlaqə saxlamağa imkan yaradılıb.
Bu məqamda G.Bayramlı deyib ki, bu şahid ona yaxınları ilə əlaqə saxlamağa imkan yaratdığına görə onun özünü danlayıblar: “Bakıdan Dövlət Sərhəd Xidmətindən Mübariz Məmmədov telefonda onun üstünə qışqırdı ki, niyə imkan verib zəng eləməyə”.
Amma şahid G.Bayramlının bu haqda söylədiklərini təsdiqləməyib.
İttiham tərəfinin digər iki şahidi, Gömrük məntəqəsinin əməkdaşları Mahmudov Həsən və Əlizadə Fəxrinin dindirilməsi növbəti prosesə saxlanılıb.
Məhkəmə dekabrın 26-da qalan şahidlərin ifadəsi ilə davam edəcək.
azadlıq.info
Oxunub: 914