ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının ardınca İslam dünyasından 22 lider çərşənbə günü İstanbulda görüşüb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 57 ölkənin daxil olduğu İslam Konfransı Təşkilatının toplantısına ev sahibliyi edib. Təşkilat ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına vahid reaksiya bildirib.
“Mən beynəlxalq qanunları tanıyan ölkələri Qüds Fələstinin paytaxtı kimi tanımasına dəvət edirəm”- deyə, Türkiyənin dövlət başçısı toplantı iştirakçılarına müraciət edib.
Kəskin mövqedən çıxış edən Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas deyib ki, ABŞ-ın hərəkəti Vaşinqtonun Yaxın Şərqdə sülh vasitəçisi kimi roluna son qoydu.
Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas deyib ki, Trampın qərarı dünyada sülhə təhlükə yaradan “cinayət”dir. Onun sözlərinə görə, dünya Qüdsün şərqini gələcək Fələstin dövlətinin paytaxtı kimi tanımasa, regionda sülh bərqərar olmayacaq.
Mahmud Abbas deyib ki, beynəlxalq ictimaiyyət demək olar ki, yekdilliklə Trampın qərarına qarşı çıxaraq, bunu müsəlman və xristianların hisslərinə qarşı “provokasiya” adlandırıb. Onun sözlərinə görə, bölünmüş şəhərin mənsubiyyətini qorumaq üçün tədbirlər görülməlidir.
Mahmus Abbasla yanaşı sammitə İordaniya kralı II Abdulla, Azərbaycan prezidenti İlham Əliyev, Banqladeş prezidenti Əbdül Həmid, İran prezidenti Həsən Ruhani və digər 22 dövlət və hökumət başçıları qatılıb.
Misir və Səudiyyə ərəbistanı toplantıya daha aşağı səviyyəli nümayəndə heyətləri göndərib.
Bazar ertəsi Ankaraya səfəri zamanı Rusiya prezidenti Vladimir Putin Ərdoğanın mövqeyini dəstəkləyib. (amerikaninsesi.org)
Oxunub: 128