Həqiqətən də heç kim zamanın imtahanından qaça bilmir. Zaman hamının qiymətini dəqiq verir. Çox adam sinəsinə döyə bilər, özünü ziyalı, mübariz, nəcib insan kimi göstərə bilər. Amma insanın əsl kimliyi imtahanda çəkdiyi biletə verdiyi cavabdan məlum olur. Zaman müəllimi aldatmaq, imtahanın cavabını başqasından köçürmək, tapşırıqla qiymət almaq mümkün deyil.
Azərbaycanda zamanın imtahanından kəsilənləri tez-tez görürük. Özünü ziyalı kimi təqdim edən xeyli adamın zülmət keşikçisi olduğu, özünü ləyaqətli kişi kimi təqdim edən xeyli adamın yaltaqlıq çempionu olduğunu, özünü vətənpərvər sayan xeyli adamın vətənə qənim kəsildiyini gördük.
Bir anlıq zamanın imtahanından kəsilən, “sinifdə qalan” adamların cəmiyyətdəki çəkisinə nəzər salın. Belələrinin cəmiyyətdə zərrə qədər çəkisi qalmayıb və xeyli adam da çəki itirməyə namizəddir.
Qarşıdan seçki ili gəlir. Yeni minalar partlayacaq, bəzi “ziyalı” lar qorxusuna təslim olub közərəcək, bəzi qələm adamları iyrənclik romanları yazacaq və.s
Belələrini cəmiyyətdə gözdən salan bilirsiz nədir? Belələri özlərinə xəyanət etməklə kifayətlənməyib, ləyaqətli adamlara çamur atmağa, cəmiyyəti çaşdırmağa, haqqı şərləməyə cəhd edirlər.
Bəli, şərin imtahanından “5” alanların, zamanın imtahanından “2” alması qanunauyğunluqdur.
Bu ölkə “sinifdə qalan” ziyalının, yazıçının, vəzifəli şəxsin deyil, “diplom” almış ləyaqətli insanların sayəsində xilas olacaq.
Bir sözlə, mənəvi intiharlar davam edir. Adam hesab etdiyimiz xeyli adamlar özünü nəfsin kəndirindən asmaqla məşğuldu.
Zamana təşəkkür edək!
Oxunub: 354