Ölkədə mövzu bolluğu olsa da, bəzi həmkarlar aylardır özləri üçün süni gündəm yaradıb, silsilə “araşdırmalar” aparmaqdan yorulmur. Araşdırma obyekti də nə ölkədə tüğyan edən korrupsiyadır, nə də artıq dünyanın da gündəmini məşğul etmiş məsələ – Azərbaycanda insan haqlarının durumu… Araşdırma obyekti tanınmış hüquqşünas Aslan İsmayılovdur. Nədən? Ona görə ki, Aslan İsmayılov Milli Onkologiya Mərkəzindəki rəzaləti ictimailəşdirib, oradakı biabırçılıqları konkret faktlarla ortaya qoyub…
A.İsmayılov həm də ona görə hədəfdədir ki, ildə 2-3 dəfə jurnalistlər üçün banket təşkil edən “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənovun marağı olan bir məhkəmə çəkişməsində əks tərəfin hüquqlarını müdafiə edir…
İndiyədək oxuduqlarımdan gəldiyim nəticə budur ki, A.İsmayılov hər iki məsələdə daha böyük adamların qəzəbinə gəlib. Ortada görünənlər ancaq icraçılar, başqa sözlə, buyruq qullarıdır.
İndi isə keçək məsələnin məğzinə. İndiyə qədərki “araşdırma”larının ortaya çıxardığı “faktlar” və cəmiyyəti inandırmaq istədikləri aşağıdakılardır:
1. A.İsmayılovun müdafiə etdiyi , yaxud da Mürvət Həsənovun çəkişdiyi şirkətin erməni ortağı varmış. Guya, A.İsmayılov bununla erməniyə yardım etmiş olur;
2. A.İsmayılov ancaq imkanlı adamları müdafiə edən vəkil imiş;
3. A.İsmayılov ictimai və siyasi fəaliyyətində sabitqədəm deyilmiş, tez-tez şəxsi maraqları üçün mövqe dəyişən adammış;
4. Azərbaycan səhiyyəsi inkişaf edib, ancaq A.İsmayılov bu sahəni qaralamaqla məşğulmuş…
Bu “faktlar”ın hər biri normal məntiq qarşısında çilik-çilik olası arqumentlərdir. Amma bu məsələlərlə bağlı izaha keçməzdən öncə məni düşündürən başqa bir məqam var: A.İsmayılovun bu gün bəhs etdiyi problemi günlərin birində prezident hansısa müşavirədə dilə gətirsə, o zaman bu “araşdırma” müəllifləri nə yazacaq, nə deyəcək? Çox maraqlıdır…
Qayıdaq yuxarıda qeyd olunan məqamlara. Yazırlar ki, A.İsmayılov pula görə ermənini müdafiə edir. Əslində, bu məsələ ilə bağlı ətraflı izahat verilib. Ona görə də üzərində çox dayanmağa ehtiyac yoxdur. Oxuduqlarımdan belə başa düşdüm ki, İsmayılovun müdafiə etdiyi şirkətdə erməni əsilli Türkiyə vətəndaşı kiçik paya sahib olub. Bu iş məhkəmə müstəvisinə gəlib çıxana qədər o, öz payını satıbmış.
Digər tərəfdən, lap elə tutaq ki, həmin şirkətdə hansısa erməni əsilli Türkiyə vətəndaşının payı var, buna görə vəkil niyə ittiham olunmalıdır? Məntiqinizə quzu kəssinlər… Necə olur ki, patronu nazir olan bir iş adamı illərlə onlarla işləyir, pul qazanır, obrazlı desək, yumurtadan cücə çıxandan sonra yadlarına düşür ki , sən demə, şirkətdə erməni əsilli kiminsə payı varmış…
Buna görə vəkili ittiham edənlər, sizin vəkillik haqqında qanundan xəbəriniz varmı? Sizin məntiqinizlə dövlətə xəyanətdə ittiham edilərək həbs olunanları pulsuz vəkillə təmin edən dövlət , məhkəmələr, ədliyyə naziri Fikrət Məmmədov da xəyanətkardır? Sizin məntiqinizdən belə çıxır ki, dost-qardaş bildiyimiz Türkiyə də xəyanətin içindədir – erməniyə qucaq açıb.
Deyirlər, A.İsmayılov ancaq imkanlıları müdafiə edir. Burada təkcə sualın qoyuluşunda dəyişiklik etməklə bu fikri darmadağın etmək olur. Bu şəkildə soruşmaq daha doğru olardı: niyə imkanlılar A.İsmayılovu seçir? Cavab sadədir: o, çox az sayda vəkillərdəndir ki, müdafiəyə dəllallıq kimi baxmır, götürdüyü işə öz işi kimi yanaşır.
On dörd ildir ki, redaktor işləyirəm, bu müddətdə A.İsmayılovla əməkdaşlığımız olub. Bircə dəfə də ondan şəxsi xahiş eşitməmişəm. İşlədiyim redaksiyaya təqdim etdiyi yazılarda mütləq və mütləq ya hansısa ictimai problemden behs edib, yaxud da hüuqlarını müdafiə etdiyi şəxsə münasibətdə yol verilən qanun pozuntularını cəmiyyətə çatdırıb. Onu da deyim ki, hüquqlarını müdafiə etdiyi şəxslər heç də həmişə maddi durumu yaxşı olan şəxslər olmayıb.
Bu yerdə bir hadisəni xatırladım. Deməli, A.İsmayılovun müdafiə etdiyi bir nəfər vardı. Səhv etmirəmsə, Lerik rayonundan idi. Keşlə qəsəbəsində 6 sot torpaq sahəsində tikilmiş evini sökürdülər. Adam gündəlik çörəyə möhtac biri idi. Üstəlik, dünyasını dəyişmiş qardaşının ailəsi də onun öhdəsində idi. Ölkənin ən imkanlı nazirlərindən biri onun əmlakını dəyərindən qat-qat aşağı məbləğ təklif etməklə əlindən alırdı. Adamı “Bandotel”ə də aparmışdılar. Etiraf edim ki, o məsələyə görə A.İsmayılovun çoxsaylı zəngləri məni bezdirmişdi. Bu məsələyə prezident ailesinə yaxın adamlar belə, qarışdı. Böyük bir mücadilə, təqib və təzyiqlərdən sonra A.İsmayılov o yoldaşın əmlakına görə 500 min manat almasına nail ola bildi.
Təsəvvür edin, həmin şəxs pulunu alan kimi, birbaşa vəkilinin yanına yollanmışdı. Halallıq istəyirdi. Pulu tam şəkildə masanın üstünə qoyub, İsmayılova “ürəyin istədiyi qədər götür” dedi. Təsadüfən həmin vaxt hadisə yerində idim və bunun canlı şahidiyəm. Vəkili ona bilirsinizmi nə cavab verdi?
“Müqavilədə yazılan məbləğdən bir qəpik də artıq lazım deyil”, – A.İsmayılovun sözləridir.
Bu dəfə müvəkkili razılaşmadı, gətirdiyi pulun 50 min manatını vəkilinin qarşısına qoyub, “halal xoşun” deyəndə A.İsmayılov etiraz etdi. Dediyi kimi, müqavilədə yazılan məbləği alıb, adamı yola saldı…
Bunu bilirsinizmi niyə xatırladım? Bu adamın haqqına girənlər, ölkədə müvəkkili ilə belə davranan neçə vəkilin adını çəkə bilərsiniz? İsmayılovu ittiham edənlər, siz özünüz həmin məbləğdən imtina edərdinizmi?
İnandırmağa çalışırlar ki, A.İsmayılov sabitqədəm deyil, tez-tez mövqeyini dəyişir. Bu fikriniz nəyə əsaslanır? İndiyədək hansı partiyanın üzvü olub? Kimi dar ayaqda qoyub? Mövqeyini, əqidəsini nə zaman, hansı vəzifəyə dəyişib? Bəlkə İlham Əliyevlə görüşdə özünə vəzifə istəyib?
Bu gün bir restoran sahibinə görə adama bu qədər qara yaxanların özləri İlham Əliyevlə görüşmək imkanına malik olsaydılar, görəsən, ondan A.İsmayılov kimi hansısa ictimai problemin həllini xahiş edərdilər, yoxsa özlərinə gün-güzəran istəyərdilər?
Hə, mən də o fikirlə razıyam ki, A.İsmayılov hansısa çərçivəyə sığan adam deyil. Onun mövqeyinde razılaşmadığım xeyli məqamlar olub, var və yəqin ki, olacaq da. Bəzən özünün həqiqət hesab elədiyi məsələyə görə başqaları ilə münaqişəyə də girər, münasibətləri də kəsər. Amma mənim yaxşı tanıdığım A.İsmayılov ki var, o, səhvini isbat edən kəsin qarşısında, hətta uşaq olsa belə, üzrxahlıq etməyə hazır biridir.
İndi isə keçək səhiyyəmizdəki uğurlar haqda ağzı sulana-sulana danışıb-yazanlara. Azərbaycan səhiyyəsi haqda belə böyük və eyni zamanda, qeyri-real olan fikirləri heç bu sahənin biliciləri dilə gətirmir. Bu ölkənin rəhbəri müalicə etdirmək istədiyi adamları xaricə göndərirsə, məmurlar özləri ən adi müayinələr üçün Avropa ölkələrinə üz tutursa, İran xəstəxanaları bizim vətəndaşlarla doludursa, hansı uğurlardan danışırsız, cənablar?
A.İsmayılov sizin iddia etdiyiniz kimi, yalan danışsaydı, sosial şəbəkədə iki yüz mindən artıq adam onu izləyib, dəstəkləyərdimi? İnanmırsınızsa, bir göz yetirin. Bu sayda dəstəkçi ancaq doğrunu, öz xalqının problemlərini dilə gətirən adamlarda olur.
İnanmırsınızsa, bunu da araşdırın…
Sücəddin Şərifov
Oxunub: 248