Azərbaycan hökuməti “qarğışlar” janrında fəaliyyətini davam etdirir. Birqayda olaraq Azərbaycandakı korrupsiyanı, seçki saxtakarlığını, hüquqsuzluğu görməzdən gələnlər alqışlanır, ölkədəki avtoritar idarəçiliyi tənqid edənlər isə qarğış yağışına tuş gəlir.
Son günlər hökumət sözçüləri nüfuzlu “Finansial Times” nəşrini hədəf seçib.
Əlbəttə, Novruz Məmmədov və Əli Həsənovun qəzəbi səbəbsiz deyil.
Belə ki, “The Financial Times” qəzetində 2 müstəqil müəllifin məqaləsi yer alıb və məqalədə Azərbaycanda irsən keçən diltaturanın olduğu vurğulanır, Azərbaycan hökumətinin Avropalı deputatlara rüşvət verdiyi xatırlanır, ölkədə insan haqlarının pozulduğu bildirilir.
Əslində məlum məqalədə yeni heç nə deyilmir. Bütün bu faktlar Azərbaycan xalqına da məlumdur və heç kim bu nəşrin yazdıqlarını təəccüblə qarşılamır.
Amma Novruz Məmmədov özünü saxlaya bilməyib və məqalə müəlliflərini “üzdəniraq” adlandırıb
“Təəssüflər olsun ki, Qərbdə bir sıra mətbuat orqanları son 2-3 onillikdə özlərini beynəlxalq münasibətlərin aktorları kimi aparmağa başladılar. Özü də çox məkrli və qərəzli aktor kimi. Onlardan biri də “Financial Times”dır.
Beynəlxalq aləmdə yaranan gərginlikdə onun da payı var. Bu iki üzdəniraq müəllif özlərini hələ utanmadan professor, müstəqil ekspert hesab edirlər” -deyə Novruz Məmmədov bildirib.
Əli Həsənov da məqalədə Azərbaycanla bağlı irəli sürülən iddiaların subyektiv xarakter daşıdığını, qərəzli olduğunu və müəyyən xarici anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət etdiyini bildirib.
“The Financial Times” və digər bu kimi tanınmış nəşrlərin bəlli dairələr tərəfindən süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasına qoşularaq Azərbaycanı hədəf götürməsi, ardıcıl olaraq əsassız ittihamlarla çıxış etməsi yalnız təəssüf doğura bilər. Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə, sabitlik, təhlükəsizlik, tolerantlıq məkanı kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən hərtərəfli dəstək qazanıb. “The Financial Times” kimi nəşrlər isə bəzi dairələrin əlində alətə çevrilib”- deyə Əli Həsənov bildirib.
Göründüyü kimi, hökumət sözçüləri yenə də ənənəvi fikirləri təkrarlamaqdan çəkinməyiblər, hətta təhqirdən də yararlanıblar.
Amma bu da var ki, həqiqət Əliyevin köməkçilərini bərk təşvişə salıb. Artıq heç bir masqa əsl simanı gizlədə bilmir. İçəridə də, çöldə də hökumətin mahiyyəti aydın görünür
Akif
Oxunub: 602