Bu gün 1 saylı İqtisadi-İnzibati Məhkəmədə İnfoaz.org saytının baş redaktoru Namiq Cəfərlinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasına baxılıb.
Qeyd edək ki, bu ilin avqustun 18-dən etibarən İnfoaz.org saytına Azərbaycan ərazisində giriş məhdudlaşdırılıb.
Namiq Cəfərli cavabdeh qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini məhkəməyə verib.
Prosesdə iştirak edən nazirliyin nümayəndə iddia edib ki, saytın bloklanmasında təmsil etdiyi qurumun heç bir rolu yoxdur. Onun sözlərinə görə, nazirlik hansısa müraciət əsasında internet resurslarına blok qoya bilər. “İnfoaz.org saytı barədə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə hər hansı müraciət daxil olmayıb”.
Hakim Aygün Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Namiq Cəfərlinin iddiası təmin olunmayıb.
Namiq Cəfərli isə bildirib ki, qərardan apellyasiya şikayəti verməklə yanaşı DİN və DTX-ya müraciət edəcək. “Nazirliyin nümayəndəsinin səmimiliyinə şübhə edirəm. Lakin bununla belə onun dediklərinə əsaslanaraq Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcəm. Əgər həqiqətən də nazirliyin bu işdə rolu yoxdursa, deməli, ortada kibercinayətkarlıq faktı var. Ümid edirəm ki, müraciət edəcəyim hüquq-mühafizə orqanları bu faktı araşdıracaq. Paralel olaraq apellyasiya şikayəti də verəcəm”, – deyə baş redaktor bildirib.
Namiq Cəfərlinin hüquqlarını müdafiə edən Zibeydə Zəkəriyyayeva də qərardan narazı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda saytların bloklanmasl ilk hal deyil. “Bundan əvvəl də saytlar bloklanıb və bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirib. Ona görə də apellyasiya şikayəti verəcəyik”, – deyə hüquqşunas vurğulayıb.
Oxunub: 174