10-14 yaşlı yeniyetmələrin sayı 313 min nəfər, 15-19 yaşlı gənclərin sayı 282 min nəfər, 20-24 yaşlı cavanların sayı 104 min nəfər azalıbsa, Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun ölkədə izafi işçi qüvvəsinin olması haqqında danışmağa üzü olmamalıydı. Onun doğum səviyyəsinin və bu fonda gənclərin sayının artması haqqında dedikləri cəfəngiyyatdır…
Səlim Müslümovun dediyinin tam əksinə olaraq Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar göstərir ki, 2011-ci ildən başlayaraq bu günədək ötən dövrdə ölkədə doğulanların sayı mütəmadi şəkildə azalmağa başlayıb: 2011-ci ildə 176,072 min nəfər, 2016-cı ildə 159,500 min nəfər, 2017-ci ilin 10 ayında 120,035 min nəfər (ilin sonunadək 144 min nəfər gözlənilir). 2011-ci illə müqayisədə 2016-cı ildə doğulanların sayı 16,6 min nəfər və ya 9,4% azalıb. 2016 və 2017-ci illərin 10 aylıq göstəricilərinin müqayisəsi göstərir ki, doğulanların sayı bu il daha 13,2 min nəfər azalıb. Bunu da üzərinə gəlsək, doğulanların sayı üzrə 29,8 min nəfər azalma ortadadır.
Qeyd edilən dövrdə doğulanların sayının azalması ölüm hallarının artması (5,3%) ilə müşayiət olunduğundan əhalinin təbii artım göstəricisi 2011-2016-cı illərdə 15,9% pisləşib. Bu ilin 10 ayında (ötən ilə nəzərən) təbii artım göstəricisində 2016-cı ilə nəzərən daha 16,6% azalma qeydə alınıb.
Əhalinin təbii artım göstəricisində əmələ gəlmiş bu neqativ meyllər Azərbaycan yeniyetmələrinin, gənclərinin say dinamikasında inkişaf tendensiyasının tərsinə dönüşünə ciddi təsir göstərib.
Əhalinin yaş qrupları üzrə apardığımız araşdırmalar göstərir ki, 15-19 yaş qrupuna aid gənclərin sayı 2007-ci ildən başlayaraq 2017-ci ilin əvvəlinədək ötən dövrdə 281,7 min nəfər azalıb (2007-ci ildə 945,3 min nəfər, 2017-cı ildə 663,6 min nəfər). On il ərzində 15-19 yaşlı gənclərin sayında 29,8% enmə əmələ gəlib. Orta illik azalma 28,170 min nəfərdir.
20-24 yaş qrupuna daxil olan cavan oğul və qızların sayı isə 2011-ci ildən başlayaraq ötən 6 ildə 104 min nəfər və ya 11% düşüb (2011-ci ildə 946,2 min nəfər; 2016-cı ildə 842,2 min nəfər). Burada orta illik azalma 17,333 min nəfərdir.
10-14 yaş qrupuna aid olan yeniyetmələrin sayı daha əvvəldən, 2002-ci ildən azalmağa başlayıb (2002-ci ildə 935,3 min nəfər; 2016-cı ildə 622,2 min nəfər). 2017-ci ilədək ötən dövrdə bu yaş qrupuna aid olanların sayı 34,5% olmaqla 313,1 min nəfər azalıb. Bu göstərici hər il orta hesabla 20,9 min nəfər azalıb.
Əhalinin demoqrafik strukturunda mənfi tendensiyaların ayaq açmasının və ildən-ilə dərinləşməsinin çox səbəblərini sadalamaq olar. Amma o səbəblər içərisində sahibkarlar üzərindəki basqıların, məmur özbaşınalığının, dözülməz sosial-iqtisadi şəraitin, işsizliyin, yarıtmaz səhiyyənin rolu xüsusilə qeyd olunmalıdır. Bu dərəcədə tükürpədici vəziyyətin yaranmasında Səlim Müslümovun başında dayandığı nazirliyin səmərəli sosial müdafiə mexanizmi yarada, üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməməsi də öz işini görüb. Bütün bu olub keçənlərdən sonra onun söz söyləməyə, gələcəyə yol göstərməyə heç bir mənəvi haqqı qalmadığına görə gərək danışmayaydı, istefa ərizəsini yazaydı.
Oxunub: 176