Artıq iki ildir ki şair Saday Şəkərli haqsız olaraq həbsdədir. İki ildir ki ailəmiz zülm çəkir. Tanınmış şairə və onun ailəsinə qarşı bu qədər zülmkar olmaq nəyə lazımdır axı ? Sevimli şairin həbs olunması kimə baş ucalığı gətirdi ? Fazil Məmmədova ya onun müşaviri və şikayətçi qismində şairin üzünə duran Asif Cahangirova ? Azərbaycan adına böyük ləkə deyilmi qələm əhlinin həbsdə olması ? Artıq Fazil Məmmədov illərdir oturduğu postdan kənarlaşdırıldı və korrupsiya qalmaqallarının içində olduğu haqda məlumatlar dil-dil dolaşır. O Fazil Məmmədov ki şair Saday Şəkərlini korrupsiya idarəsinin qurduğu hiyləylə həbs etdirib. İndi bəlli oldu kimdir korrupsiyaya bulaşmış. Dəhşətlisi odur ki Saday Şəkərli həbs olunanda cibindən 6 manat pul çıxıb.
Bunlar isə “fil-filo”ynan onun cibindən 10 min dollar çıxartdılar. Əşşi 10 min nədir ki, 4 milyardın yanında. Necə olur Fazil Məmmədov 4 milyard pulun mənimsəməsi haqqında ifşa olunur, amma heç bir tədbir görülmür. Heç araşdırılmır belə. Bu onun birinci və axırıncı cinayət əməli deyil ki. Bu cür, bəlkə, onlarla hal var. Amma cibindən 6 manat pul çıxan şairə acımasızcasına iş kəsirlər. Atam Saday Şəkərli artıq iki ildir ki, bilavasitə Fazil Məmmədovun göstərişiylə həbs olunub. Şikayətçi isə o vaxt nazirin müşaviri olmuş Asif Cahangirovdur. Bu adamlar şər – böhtanla , qabaqcadan planlaşdırılmış ssenariylə şairi həbs etdiriblər. Onların iddiası isə guya şair onları ifşaedici məlumatla hədələyib. Fərz edək: əgər Saday Şəkərlidə həqiqətən hər hansı ifşaedici faktlar var idisə, deməli, bu gün Vergilər nazirliyinin yarıtmaz fəaliyyəti nəticəsində üzə çıxan faktlar elə həmin cinayət əməlləridir ki, şair bu biabırçılıqları ictimai rəyə təqdim etmək istəyirmiş… Yaxşı, indi “sular durulub”- Fazil Məmmədov və onun komandasının əməlləri ölkədə vergi sistemini nə hala gətirdiyi hamıya bəlli.
Eləcə də, nazirin vəziri funksiyasını daşıyan və çox “delikat” buyruqları canfəşanlıqla yerinə yetirən Asif Cahangirov kimi məmurların ölkənin tanınmış, sevimli şairinə şər ataraq tutdurması heç kəsə sirr deyil. Onların gülünc və saxta iddiaları məhkəmədə belə öz təsdiqini tapmayıb. Tam qanunsuz olaraq şairi sifarişlə həbs ediblər. Fazil Məmmədov ona verilən səlahiyyətlərdən sui- istifadə edərək öz müşavirini şikayətçi edərək (bəlkə də məcburi) Saday Şəkərlinin üzünə durduraraq ( Asif Cahangirov o an məhkəmədə xəcalət təri tökürdü ) şər – böhtanla həbs etdirib. Məgər bu cinayət deyilmi ? Dövlətin ona verdiyi səlahiyyətdən sui- istifadə edərək bir qələm əhlini , ədəbiyyata 40 ildir qulluq edən birini, Azərbaycan adını hər yerdə uca tutan birini həbs etdirmək cinayət deyilmi ? Hardadır Asif Cahangirov? Bu gün onu vicdanı narahat etmirmi? Biz faktlarla danışırıq.
Bütün bunları məhkəmədə şairin vəkilləri də sübut edib. Gəl ki, çifayda. Görünür, qanunlarımız da nazir səlahiyyətlərinin qarşısında acizdir və tapdalanır. Görəsən Asif Cahangirov hansı ifşaedici məlumatlardan danışırdı. Hansı ki, heç məhkəməyə də təqdim olunmayıb. Saday Şəkərli Fazil Məmmədov haqqında hansı ifşaedici məlumata sahib imiş ki ? Qoy sübutların ortaya çıxarsınlar, xalq da görsün. Əgər haqlıdırlarsa, razıyıq ki, Saday Şəkərli bu 5 ili son gününə kimi cəzasını çəksin. Haqsızdırlarsa, biz bu işin yenidən araşdırılmasını və Saday Şəkərlinin qeyd-şərtsiz azad olunmasını, onların isə törətdikləri cinayətə görə cəzalarını çəkməklərini tələb edirik. Qoy ölkə rəhbərliyi öz iradəsini göstərsin və bu işə müdaxilə etsin. Necə olur ki dəfələrlə “ Bizdə söz azadlığı tam təmin olunur və heç kim sözünə, əqidəsinə, fikrinə görə təqib olunmur, həbs olunmur” deyən ölkə rəhbərliyi bir nazirin bu sözləri tapdalamasına göz yumur. Bir şairin söz azadlığına görə həbsdə yatması ölkədə söz azadlığının boğulması deyilmi? Zalım nazir tərəfindən bir ailənin həyatını alt-üst etmək cinayət deyilmi ?
Ölkə vətəndaşına göstərilən qayğı bumu? Saday Şəkərli həbs olunmamışdan da cah-calal içində yaşamamışdı, onun həbsindən sonra ailəsinin durumunu təsəvvür etmək çətin deyil. Bəli, bu, bir ailənin faciəsidir. İki ildir ki, biz yaşamaq və atamızı azadlıqda görmək üçün mücadilə veririk. Biz onunla bərabər bu cəzanı çəkirik. Hardandır həssas qələm əhlinə, şairə və onun ailəsinə qarşı bu qəddarlıq? Nazirlər , səlahiyyət sahiblərinə kim bu icazəni verir ki, onlar vətəndaşların başına bu cür faciələr açsınlar.
Biz ölkəmizi demokratik, sivil, vətəndaşının qeydinə qalan ölkə kimi görmək istəyirik. Məmurları vətəndaşını əzən ölkə kimi deyil !!! Saday Şəkərli 2 ildir ki, ömrünün şanlı günlərini yaşayır. O, bu mübarizədə heç nə itirmir, əksinə qazanır. Səhhətində ciddi problemləri olmasına baxmayaraq, başı dik, qaməti düz, alnı açıq azadlığa çıxacağı günü gözləyir və inanıram ki, o gün çox da uzaqlarda deyil!!! Biz, Saday Şəkərlinin ailəsi olaraq tələb edirik, xahiş edirik ki, bu hüquqi nihilizmə aydınlıq gətirilsin. Əslində, Saday Şəkərli həbsdə yatmalı deyildi, o, təşəkkürə, minnətdarlığa layiq idi. Biz çox istəyirik ki, haqq öz yerini tapsın.
Əsəd Şəkərli
Oxunub: 430