Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası 01.01.2016-01.07.2017-ci il dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri ilə bağlı Hesabatı müzakirə edərək təsdiq etmişdir.
Təqdim edilmiş məlumatlara əsasən 2016-cı ildə təsdiq edilmiş 8015,5 min manat həcmində proqnoza qarşı Şöbə tərəfindən 6663,9 min manat vəsait yığılmış, proqnoz 83,1% səviyyəsində icra edilmişdir.
Audit olunan dövrdə yeni pensiya təyinatlarının 102 ədədi (6,2%-i) üzrə sığorta stajı məhkəmə tərəfindən müəyyən olunmuş, 138 pensiya işi üzrə (8,4%-i) pensiya təyinatı öhdəliyi Şəki İnzibati-İqtisad Məhkəməsi tərəfindən Şöbəyə həvalə olunmuş, 8 pensiya işi üzrə pensiya hüququna Apellyasiya məhkəməsi tərəfindən baxılmışdır.
Şöbə tərəfindən pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilmiş, 2016-cı ilin oktyabr ayınadək ərizələrin qeydiyyatı jurnalında pensiya təyinatı üçün müraciət edən şəxslərin müraciət etdiyi gündə deyil, pensiya təyin edən komissiyanın qərarının qəbul olunduğu tarixdə qeydiyyatdan keçirilmiş, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, güzəştli iş stajına görə yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılmışdır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, 2016-cı ildə və 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) tərəfindən heç bir əməkdaşa müayinə barədə tapşırıq göndərilməmiş, Şöbədə heç bir işçinin gücləndirilmiş elektron imzası aktiv olmamış, bütün təyinatlar ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmədən aparılmışdır.
Auditin gedişində seçmə qaydada monitorinqlər təşkil edilmiş, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara da rast gəlinmişdir.
Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mİngəçevir şöbəsinə müvafiq Təqdimat, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə Kollegiya Qərarının surəti göndərilmişdir.
Oxunub: 334