Ermənistan deyir ki, öz kəşfiyyat imkanlarını genişləndirir və yaxın gələcəkdə qonşu ölkələrin ərazisini kosmosdan operativ izləyə biləcək.
Dekabrın 21-də Ermənistan hökuməti dövlət büdcəsinin ehtiyar fondundan, keçən il yaratdığı “Geokosmos” qapalı səhmdar cəmiyyətinə 300 milyon dram (təxminən 625 min dollar) ayırıb. Bu pulla “Geokosmos” qəbul stansiyasının proqram-texniki kompleksinin işlək vəziyyətə gətirilməsi və modernizasiyası gerçəkləşdiriləcək.
Ermənistan hökuməti noyabrda yaratdığı bu şirkətin balansına 119 milyon dramlıq əmlak da keçirib.
Amma bugünəcən yeni şirkətlə bağlı ətraflı məlumat yoxdur.
Ermənistanın İctimai Radiosunun xəbərlərinə görə, müdafiə nazirinin mətbuat katibi Artsrun Hovhannisyan vurğulayıb ki, bu, gizli bir funkisyadı və hökumətinin qərarında qeyd ediyindən daha çox şey deyə bilməz.
“Hesab edirəm ki, qərarda çox şey deyilib” – deyə Artsrun Hovhannisyan qeyd etdi.
“Geokosmos”un yaradılması gələcəkdə Ermənistan peykinin fəzaya buaxılması üçün əsas ola bilərmi – sualına cavab verən Hobhannisyan deyib ki, bunu dəqiq deyə bilməz:
“Amma Silahlı qüvvələr öz kəçfiyyat vasitələrini tədricən inkişaf etdirməliidir və inkişaf etdirir”
Keçən ilin avqustunda – “Aprel döyüşləri”ndən 4 ay sonra Dağlıq Qarabağ separatçılarının yaratdığı qondarma “respublikanın” müdafiə naziri Levon Mnatsakanyan demişdi ki, döyüşlər zamanı erməni silahlı qüvvələrinin “düşmən mövqelərinin dərinliklərində kəşfiyyat aparmaq üçün vasitələri olmayıb”, buna görə də Azərbaycan tərəfinin genişmiqyaslı hücuma hazırlaşmasını qabaqcadan öyrənmək mümkün olmayıb.
Amma onun sözlərinə görə, indi belə vasitələrə malikdirlər və Azərbaycan tərəfinin bütün addımlarını izləyə bilirlər.
Ermənistandakı Beynəlxalq Məsələlər və Təhlükəsizlik İnstitutunun rəhbəri, keçmiş deputat Stepan Safaryan deyib ki, hökumətin bu addımı aprel döyüşləri zamanı Rusiyanın müttəfiqi Ermənistanı kosmik kəşfiyyat məlumatları ilə təchiz etmədiyini sübut edir.
Çünki, onun bildirdiyinə görə, Rusiya və Belarusla bağlanmış çoxsaylı sazişlər peyklərdən müştərək istifadəni də nəzərdə tutur:
“Məsələ ondadır ki, Ermənistan hökumətinin heç zaman öz müttəfiqlərindən, o cümlədən Rusiyadan öz milli təhlükəsizlik və müdafiə siyasəti üçün mühüm olan məlumatları istəmək cəsarəti olmayıb”.
Safaryan deyir ki, indi “Geokosmos”un yaranmasından sonra Ermənistanın təkcə Rusiyadan yox, başqa ölkələrdən də hərbi əhəmiyyətli kosmik fotoşəkillər istəməsinə imkan yaranacağı istisna deyil. (Azadliq.org)
Oxunub: 290